Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşdı - Yanğın başladı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.