Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışı davam edir.
Axtarış tədbirləri bir neçə qrup tərəfindən Qəbələ rayonu və Xınalıq kəndi istiqamətində aparılır.
Axtarış-xilasetmə işlərində FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir.
Meteoroloji şəraitdən asılı olaraq, FHN-in helikopteri əməliyyata cəlb olunub.
Bu gündən axtarışlara xarici mütəxəssislər də qoşulacaqlar.
Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.