Avroparlamentin təsdiqlənən yararsızlığı – onlara yaraşan şumer atalar sözü - ŞƏRH
Avropa Parlamenti qeyri-ciddi, gərəksiz, intriqa ocağı, aravuran bir qurum olduğunu bir daha təsdiqləyib.
Oktyabrın 24-də burada Azərbaycan insan hüquqlarının pozulması və Ermənistana münasibətdə beynəlxalq hüququn vəziyyəti haqqında qətnamə qəbul edilib.
Çox təəssüfləndirici haldır ki, 453 deputat sənədin lehinə səs verib. Bu parlamentin tərkibinin mahiyyətinin göstəricisidir. Onlar bəlkə də Azərbaycan və Ermənistanın yerləşdiyi coğrafi ərazidən belə xəbərsizdirlər. Bu baxımdan belələrinin qətnamənin lehinə səs verməsi gülünc təsir bağışlayır.
Parlament beynəlxalq aləmdə yaranan mövcud problemləri həll etmək gücündə olmadığını bu sənədlə də təsdiqləyib.
Qətnamədə bildirilib ki, Azərbaycanla Naxçıvan (?!) arasında kommunikasiya problemləri Ermənistanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət şəraitində həll edilməlidir. Bu sənəd müəlliflərinin coğrafi və hüquqi savadının nümunəsidir. Deputatlar Naxçıvanın Azərbaycan torpaqları, onun bir hissəsi olduğunu hələ də unudurlar. Onlar “Fransa ilə Yuxarı və Aşağı Normandiya arasında kommunikasiya problemləri həll olunur” deyə açıqlama verə bilər? Əlbəttə, yox. Çünki istənilən normal savadlı adam bu bölgələrin Fransaya aid olduğunu bilir.
Belə qənaətə gəlmək olar k, qətnamədə bu məsələdən bəhs etməkdən əvvəl deputatlara Cənubi Qafqaz regionu barədə məlumat da verilməli imiş. Əslində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yol deyilir. Başqa sözlə, burada Azərbaycandan-Azərbaycana yoldan söhbət gedir.
Başqa tərəfdən Zəngəzur yolunun açılmasına İrəvan dörd il əvvəl noyabrın 10-da imzaladığı bəyanatda razılığını verib. Odur ki, deputatların məsələyə “ərazi bütövlüyü və suverenlik” kateqoriyasından yanaşmaqla Tehran hakimiyyətinin yersiz “qırmızı xəttinin” müdafiəçisi rolunu oynayıblar. İranın ali rəhbəri və dövlətin başqa rəsmiləri Zəngəzur yolunun açılması ilə guya Ermənistanın ərazi bütövlüyünün pozulacağını iddia edərək, bunu özlərinin “qırmızı xətti” elan ediblər.
Qətnamədə Ermənistanı qorumaq üçün deputatlar iç üzlərini göstəriblər: “Avropa İttifaqı Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə təhlükə yaradan istənilən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etməyə hazır olması ilə bağlı mövqeyini təsdiqləyiblər”.
Bu bir zamanlar saxta erməni iddiasının, “soyqırımı” inkarın kriminallaşmasına oxşayır. Vaxtı ilə belə bir qanun Fransada qəbul edilib.
Avropa Parlamenti üzvlərinin qətnamədə qabartdıqları bu məsələdə söz və fikir azadlığı da pozulur, ona hörmətsizlik edilir. Onlar bununla həm də 300 minə yaxın Qərbi azərbaycanlıların öz tarixi və dədə-baba yurdlarına qayıdışını əngəlləməyə səy göstərirlər.
Avroparlamentarilər onların pozulan, tapdanan vətəndaş, insan və mülkiyyət hüquqlarını görməzlikdən gəlirlər. Bununla həm də Qərbi azərbaycanlıların qayıdışla bağlı hərəkatına qarşı çıxırlar. Qeyd edək ki, bu günlərdə Azərbaycanın Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. Qətnamənin lehinə səs verənlər bu prosesi, Azərbaycan parlamentinə qarşı sanksiyanın qəbul edilməsinə əsassız cəhd göstəriblər.
Avropa Parlamentinin deputatları daha bir yersiz iddia ilə çıxış ediblər. Qətnamədə 2023-cü il noyabrın 17-də qəbul olunmuş qərarının Azərbaycan tərəfdən yerinə yetirilməsini istəyiblər. Onlar rəsmi Bakını Qarabağdan köç etmiş sakinlərin “təhlükəsiz, maneəsiz və sürətlə geri qayıtması üçün tədbirlərlə bağlı bütün qərarlarını tam şəkildə icra etməyə çağırıblar”.
Burada da onlar yanlışlığa yol veriblər. Azərbaycan həmin erməniləri qovmayıb. Prezident İlham Əliyev onlara Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları üçün dəfələrlə müraciət edib. Ancaq onlar bunu qəbul etməyərək ölkəni könüllü tərk ediblər. Halbuki həmin hadisələrdən 35 il əvvəl indiki Ermənistan ərazisindən 300 minə yaxın Qərbi azərbaycanlı ermənilərin silah tətbiqi yolu ilə öz evlərindən qovulublar. Onlar mal-mülklərindən məhrum edilib, vətəndaşlıqdan xəbərsiz çıxarılıblar. Qərbi azərbaycanlıların evləri, torpaqları 36 ildir xaricdən köçürülən ermənilərə verilib. Bu, beynəlxalq ictimaiyyətin qəbul etdiyi insan, mülkiyyət, vətəndaş və başqa hüquqların tapdanmasıdır. Avroparlamentin qətnamənin lehinə səs verən deputatlarının bu məsələni görməyə gözü, eşitməyə qulağı bağlıdır.
Qətnamədə bildirilib ki, deputatlar həmçinin “Dağlıq Qarabağda erməni mədəni, dini və tarixi irsini məhv etməkdən çəkinməyi və onun qorunmasını tələb ediblər”.
Əvvəla, onlar bu maddə ilə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik ediblər. Çünki Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Başqa bir tərəfdə isə Qarabağa və ətraf rayonlarda ermənilərin “mədəni, tarixi irsi” deyə bir abidə də mövcud deyil. Çünki onlar Azərbaycan torpaqlarına iki yüz ilə yaxındır yerləşdiriliblər. Odur ki, tarixin yaşı ilə müqayisədə bu rəqəm böyük deyil. Odur ki, ermənilərin Qarabağda “tarixi, mədəni abidələr” tikməyə elə çox zamanı olmayıb. Həmin abidələr isə qədim türk, alban mədəniyyətinin inciləridir. İslam dini abidləri, inanc yerləri və məscidlərin, albanlara məxsus xristian abidələri torpaqlar işğal altında olduğu 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən dağıdılıb.
Odur ki, avroparlamentarilərin bu iddiası da çürükdür.
Deputatlar qətnamədə Aİ-dən “Azərbaycana onun hərbi və ya təhlükəsizlik imkanlarının gücləndirilməsinə töhfə verə biləcək bütün texniki və maliyyə dəstəyini dayandırmağa, üzv dövlətlərə isə Azərbaycana bütün hərbi və təhlükəsizlik texnikasının ixracını dondurmağa çağırıblar.
Avropa İttifaqına üzv olan Fransa Ermənistanın silahlandırılmasında ən fəal rol oynayır. Halbuki bu ölkə 30 il başqa bir dövlətin ərazisini işğalda saxlayıb. Avropa İttifaqı parlamentinin deputatları bu məsələdə də haqsızdırlar.
1992-ci ildə ABŞ Konqresi “907-ci düzəlişlə” bir dəfə belə səhv edib. Avropa Parlamentinin deputatları bununla eyni zamanda 32 il öncə amerikalı qanunvericilərin yanlış əməlini təkrar etməyə çağırırlar.
Azərbaycanla Ermənistanın şərti dövlət sərhədində Avropa İttifaqının mülki monitorinq missiyası yerləşdirilib. Avrodeputatlar qətnamədə bu məsələdən bəhs edərək bildirib ki, Avropa İttifaqı və ona üzv dövlətlərə qurumun Ermənistandakı missiyasının mandatının gücləndirilməsi, onun daha da artırılması və qüvvədə olma müddətinin uzadılması çağırışı edilib.
Həmin missiya əvvəldən qısa müddətli nəzərdə tutulmuşdu. Rəsmi İrəvan və Parisin səyi ilə bu missiya iki ilə yaxındır fəaliyyət göstərir. Onun fəaliyyətdə olduğu illər ərzində Azərbaycanla şərti sərhəddə Ermənistan tərəfi dəfələrlə təxribat törədib. Bu həmin missiyanın fəaliyyətinin uğursuzluğuna nümunədir. Həmin hadisələri ermənilərin törətdiklərini missiya da, rəsmi İrəvan da etiraf edib. Belə olan halda Ermənistana qarşı heç bir məhdudlaşdırıcı tədbir görülməyib. Onda bu müşahidəçilərin Azərbaycana qarşı olduğu qənaətinə gəlməyə əsas verir. Ona görə də qətnamənin bu maddəsi də reallığa uyğun sayılmır.
Oktyabrın 24-də Tatarıstanın paytaxtı Kazanda BRİCS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli birbaşa görüş olub. Ehtimal etmək olar ki, onlar bir neçə gün öncə Bakıda və İrəvanda səfərdə olmuş ABŞ Prezidenti Cozef Baydenin xüsusi köməkçisi Maykl Karpenterin gətirdiyi ismarıcdan meydan çıxan məsələni müzakirə ediblər. Prezident və baş nazir XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılmasına dair təlimat veriblər.
Odur ki, Avroparlamentin canfəşanlığı Azərbaycan və Ermənistan arasında münasibətlərə yersiz müdaxilədir. Şumer atalar sözündə deyilir: “Qəssabların mübahisəsində qoyunların tərəf tutması onların aqibətini dəyişməz”.
Avropa Parlamentinin deputatlarına bu aqibət daha çox yaraşır.(Report)