Dekabrın 23-dən Tufan dağ istiqamətində itkin düşən alpinistlərlə bağlı ötən gün yayılan xəbər bütün Azərbaycanı həm sevindirdi, həm də üzdü.
Space TV-nin axşam saatlarında yayımlanan əsas xəbər buraxılışında itkin düşən alpinistlərdən birinin tapıldığı barədə xəbər verildi.
Bu xəbərdə diqqət çəkən məqam ondan ibarətdir ki, milyonlarla izləyicisi olan telekanal alpinistlərdən birinin tapılması ilə bağlı xəbəri heç bir dəqiqləşdirmə aparmadan Xınalıq kəndinin sakininə istinadən verdi.
Təbii ki, alpinistlərin yaxınları ilə yanaşı hamı bu xəbərin doğru olmasını istəyirdi. Lakin ehtimal üzərində verilən xəbərin nə dərəcədə doğru olduğu şübhə yaradırdı.
Bir neçə dəqiqə sonra isə aparıcı alpinistlərin yaxınlarını sevinc göz yaşlarına qərq edən o xəbəri təkzib edərək yanlış məlumat verdiklərini bildirdi.
Əslində isə Space TV-nin əsas xəbərlər buraxılışının baş redaktoru kənddə dolaşan şayiəni dəqiqləşdirməli idi. Görünür, Space TV reytinqi, alpinistlərin yaxınlarının hisləri ilə oynamağı peşəkarlıqdan üstün tutdu.