“Qəbələ”dən ayrılaraq müqavilə ilə məxsus olduğu Şotlandiyanın “Reyncers” klubuna geri dönən Endi Halidey klubun televiziyasına müsahibə verib.
Oxu.Az xəbər verir ki, şotland yarımmüdafiəçi “Qəbələ”dən ayrılıb ABŞ-ın Florida ştatında məşq keçən doğma klubuna qayıtdığı üçün şad olduğunu bildirib:
“Geri döndüyüm üçün çox məmnunam. Burdan ayrılmağım çox şanssız qərar idi, amma bir neçə həftəyə geri dönmək üçün bir imkan olacağını bilirdim və bunu gözləyirdim. Şükür ki, bu, baş verdi və indi mən Floridada uşaqlarla birgəyəm. Azərbaycandakı karyeram haqda nə deyəcəyimi bilmirəm.
Bir həftə sonra başa düşdüm ki, ora keçməyim səhv idi. Ora getməzdən əvvəl isə bunu bilmirdim. Bir həftə sonra komandanı tərk etməyə və başqa yerə keçməyə çalışdım. Ancaq onlar icazə verməyəcəkdilər. Ona görə də pozitiv qalmaq və sadəcə, geri qayıtmağıma imkan olacağına ümid etməli oldum. Mənim üçün orada çətin bir neçə ay keçdi. Ancaq indi geri qayıtdığım üçün çox-çox şadam. İngilis dilini az adam bildiyindən və şotland ləhcəmi az başa düşdüklərindən mənim üçün çox çətin idi. Özümlə ailə üzvümü və sevgilimi gətirmədiyimdən şəxsən çətinlik çəkirdim. Sevgilimin işi olduğu üçün Azərbaycana aparmağım mümkünsüz idi. Sadəcə,yaxşı idi ki, ingiliscə danışa bilən iki holland futbolçu “Qəbələ”də çıxış edirdi və mənimlə bənzər situasiya yaşayırdılar. Altı ay ərzində onlarla ünsiyyət qururdum”.
26 yaşlı futbolçu üç dəfə mərkəz müdafiəçisi kimi oynamasından da danışıb:
“Mən orada üç dəfə mərkəz müdafiəçisi kimi çıxış etmişəm. Onların xarici mərkəz müdafiəçiləri vardı (Voyislav Stankoviçlə Vitali Vernidubu nəzərdə tutur – S.T.). Hər ikisi də zədələnmişdi. Ona görə də mən o mövqedə çıxış etdim və həmin üç oyunda qapımızı toxunulmaz saxladıq. Bu mənim üçün yeni təcrübə idi. Ötən mövsüm ikinci hissədə “Moteruel”ə qarşı mərkəz müdafiəçisi kimi oynamışdım və onda da qapımızdan qol buraxmamışdıq”.
Endi Halidey ilk dəfə legioner həyatı yaşadığı “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsində oynamağı çox istədiyini də bildirib. Lakin III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu bu istəyə mane olub:
“Avroliqa oyunlarında iştirak etdiyim üçün bəxtəvərəm. Oradan bəzi yaxşı təcrübə əldə etdim. Əvvəllər heç vaxt avrokubokda oynamamışdım. Buna görə də “Qəbələ”yə getmişdim. Çünki bir il əvvəl onlar bu turnirin qrup mərhələsində çıxış etmişdilər. Ümid edirdim ki, yenidən eyni nəticəni təkrarlaya bilərik. Lakin bir az püşkdə bəxtimiz gətirmədi. Əvvəlcə Polşanın gümüş medallarını qazanmış komandası, daha sonra “Panatinaikos”la düşdük. Sonuncu rəqib bizim üçün çox güclü idi. Ancaq şükür edirəm ki, avrokubok təcrübəsi qazandım. Bundan başqa orada böyük təcrübəm olmadı. Mənim ürəyim və ağlım həmişə bura qayıtmaqda olub”.