Livan ordusu En-Naamədə fələstinlilərin bazası üzərində nəzarəti ələ keçirdiyini bildirib

Livan ordusu En-Naamədə fələstinlilərin bazası üzərində nəzarəti ələ keçirdiyini bildirib

Livan hərbçiləri bazar ertəsi Beyrutdan 20 km cənubda yerləşən En-Naamə yüksəkliklərində Fələstin Azadlıq Xalq Cəbhəsi – Baş Komandanlığının (FAXC-BK) bazasını ələ keçiriblər.

Bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

“Ölkənin bütün ərazisi üzərində dövlət nəzarətinin bərpası məqsədilə hökumət tərəfindən təsdiqlənmiş təhlükəsizlik planı çərçivəsində Livan Silahlı Qüvvələrinin bölmələri Şuf dağlıq rayonunda En-Naamədə FAXC-BK-ya məxsus mərkəzdə yerləşdirilib”, – Livan hərbçilərinin bəyanatında deyilib.

Bəyanatda qeyd olunub ki, onlar xüsusi yaradılmış tunellərdə olan döyüş texnikası, silah və sursatı müsadirə ediblər.

Daha əvvəl FAXC-BK üzvləri Livanın şərq hissəsində Sultan-Yaqub təpəsində və Deyr əl-Qəzzal və Lusi rayonlarındakı hərbi obyektlərdən təxliyə olunmuşdular. Livan hərbçiləri həmçinin Suriya sərhədində Raşaya əl-Vadidəki FƏTH – “Əl-İntifada” qruplaşmasının düşərgəsini də ələ keçiriblər.

“Janoubia” xəbər portalının məlumatına görə, fələstinli döyüşçülər dekabrın 24-də 1982-ci ildən tutduqları Kusaya dağ dərəsində və Kafrzad vadisində daha iki bazanı boşaltmalıdırlar.