Şamaxı rayonunda məktəb direktoru rüşvət almaqda ittiham olunur - SƏS YAZISI

Şamaxı rayon təhsil sistemində baş verənlərlə bağlı son günlər bir cox mətbuat orqanlarında yazılar dərc olunub. (Modern.az, Mektebgushesi.az, Yenizaman.az, Dia.az, Aztehsil.com, Xalqxəbər.az, A24.az) Bütün saytların və qəzetlərin suallarına “vaxtım yoxdu danışmaq istəmirəm” deyən Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova bu cür vasitələrlə etdiklərini örtbasdır etməyə çalışır. Məktəbdə baş verən özbaşınalıqlarla bağlı bir qrup müəllim dəfələrlə Təhsil Nazirliyinin qaynar xəttinə zəng vurub. Mətbuat vasitəsi ilə və teleqram şəklində ölkə başçısına da müraciətlər ünvanlanıb. Özbaşınalıq isə hələ də davam edir.


Mətbuatda gedən yazılardan sonra yeni faktlar aşkarlanır. Onlardan biri də müəllimlərə saxta sertifikatların verilməsi faktıdır. Rusiyanın Moskva şəhərində yerləşən “ Университет Информационных Технологий” –nin 72 saatlq kompüter kursunu bitirmək haqqında rektor А.B.Şkred-in adından saxta sənəd tərtib edərək müəllimlərə 100 manatdan satıb. Sertifikat almış müəllimlərin nəyinki hansısa ölkəyə getməsi, hec Şamaxı rayonundan kənara çıxması halı olmayıb. Özünün vəzifə səlahiyyətini aşması azmış kimi indi də ayrı-ayrı vəzifəli şəxslərin adından istifadə etməsi halı aşkarlanır. Bu məsələ ilə bağlı yəqin ki, hüquq mühafizə orqanları məşğul olacaqlar. Digər fakt isə dərslərin qeyri-ixtisasdan olan müəllimlər arasında bölüşdürülməsidir. Ədəbiyyat və Azərbaycan dili müəllimi ola-ola həmin dərsləri başqa ixtisasdan olan müəllim tədris edir. Vakansiyadan gizlədilmiş yerlər qeyri-ixtisas müəllimləri arasında bölüşdürüb.

Diaqnostik qiymətləndirmədən az bal yığmış bacısını və anasını 30-35 saat dərslə təmin edib. Digər yüksək bal toplamış müəllimlərə isə hərəsinə 10-18 saat dərs verməklə ciddi gərginlik yaradıb. Fakultətiv məşğələləri özünə yaxın adamlara yazmaqla pulları mənimsəyir. İbtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri verib. Məktəbdə keçirdiyi hər tədbirə görə pul xərclədiyini deyir və hər müəllimdən 20 manat pul yığır. Narazılıq eləsələr onları tamam işdən qovacağı ilə hədə-qorxu gəlir. Atdığı addımları yuxarılarla razılaşdırıb atdığını deyir. Respublika və rayon səviyyəli məmurların adlarını çəkir (həmin adlar redaksiyaya məlum olsa da adları çəkmirik).

Müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün agentura şəbəkəsinin olmasını və hər şeyi nəzarət altında saxlamağı bacardığını, xüsusilə hamının nəzərinə çatdırır. Keçirilən hər iclasda tədrisdən çox dedi-qoduya yer ayırır, bu işdə anası və bacısının “fəallığı”ndan məharətlə yararlanır. “Reket” kimi onlardan istifadə edir.

Müəllimlərdən hər ay işıq və istiliyə görə 20-30 manat pul yığır. Hesablama palatasının yoxlamasından sonra yaranmış beş min manat cərimənin hər müəllimdən 100 manat yığmaqla cəriməni də müəllimlərin hesabına ödətdirib.

Rayonun şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın, rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən siyahı üzrə pul tələb etdiyini əks etdirən səs yazısı daxil olub.

Səs yazısında direktor müəllimlərdən ötən aydan ödənilməyən işıq pullarının və hər ay yığılan “aylıq” pulların verilməsini tələb edir: “Sonra deməyin ki, maaşı aldım, vacib oldu xərclədim. Bəri başdan işiq pulunu və aylığı verin”.

P.S Mətbuatda barəsində səslənən bu qədər ittihama cavab verməkdən yayınan direktorun yəqin ki, deyilənləri təkzib edən arqumenti yoxdur.