Təcili! Pirşağıda qarşıdurma – vətəndaşların evləri sökülür

Bir neçə dəqiqə öncə BakuNews.az-a daxil olan məlumatda Sabunçu rayon Pirşağı qəsəbəsində yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında qarşıdurma olduğu bildirildi. Uzun illər ərazidə məskunlaşmış sakinlərin min bir zəhmətlə tikdikləri evlərin uçurulması ilə bağlı şifahi göstəriş verən qurumun qərarına etiraz edən sakinlər, yaşadıqları evləri tikərkən Cəfər Kazımov adlı şəxsə “hörmət” edildiyini bildiriblər. “Bizə tikinti üçün icazəni o zaman Cəfər Kazımov müəyyən məbləğ müqabilində alıb. İndi həmin adam dünyasını dəyişib. Belə çıxır ki, Cəfər Kazımov dünyasını dəyişib pulumuz da batıb?” – deyən sakinlərə təzyiq davam edir. BakuNews.az-a məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları ilə yenidən “dil tapan” sakinlər bir neçə dəqiqə öncə prosesdən çəkiliblər. Qalan sakinlərin evləri ilə bağlı təhlükə isə hələ də qalmaqdadır. Xatırladaq ki, ölkə prezidentinin müvafiq göstərişi ilə qanunsuz evlərin qeydiyyata alınması ilə bağlı müvafiq sənədlərinin yerli bələdiyyələr vasitəsilə toplanılması prosesinə bir neçə il öncə başlanılmışdı. Bəs görəsən Sabunçu rayon İcra Hakimiyyətnin başçısı Adil Vəliyev nədən prezidentin göstərişini görmək istəmir? Həm də məhz prezident seçkiləri ilində. Maraqlıdır bu cənab Vəliyevə tapşırıqdır, yoxsa özfəaliyyət?

Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırdır.