Vergilər Nazirliyi son vaxtlar mətbuatın gündəmindən düşməyən məşhur "Grand Hospital”da yoxlamalara başlayıb.
AzBaku.info xəbər verir ki, bu barədə modern.az-a danışan hospitalın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli faktı təsdiqləyib:
"Müxtəlif qurumlarda yoxlamaların aparılması tam normaldır. Hər il olduğu kimi, bu il də hesabat verilir. Vergi ödəyiciləri bilir ki, yanvar ayında hesabat verilməlidir. Ən kiçik dükanda belə vergi hesabatları aparılır. Burada qeyri-adi səbəb axtarmaq lazım deyil”.
T.Məmmədli hospitalın adının ölüm işlərində çəkilməsinə də münasibət bildirib:
"Bilirsiniz, mən özüm 5 dəfə əməliyyat olunmuşam. Burun əməliyyatı da daxil olmaqla, hamısına qol çəkib girmişəm. Kişi ağır vəziyyətdə bizə daxil olmuşdu. Xəstə sahibləri onun vəziyyətini bilirdilər və başa düşürdülər ki, əməliyyatdan çıxmaya bilər. Buna baxmayaraq, xəstə üzərində 9 saatlıq cərrahiyyə əməliyyatı aparılıb. Ürək yox vəziyyətində idi. Ürəyi çıxarıb aparatla düzəltdikdən sonra yenidən yerinə qoyublar. Dünya səhiyyəsində də bəllidir ki, əməliyyat zamanı ölüm riski var. Klinikaya o qədər ağır xəstələr gətirilir ki... Bu günlərdə bir qadını bu xəstəxanada həkimlərimiz ölümdən xilas edib. Amma heç kim bunu yazmır. Hamı ölüm işi axtarır. 20 yaşlı qızın ölümündə həkim səhlənkarlığı olmuşdu. Bunu danmaq olmaz. Amma kişinin xəstəlik tarixçəsinə baxsanız, onun ümumiyyətlə bu illər ərzində necə yaşadığına təəccüb edərsiniz. Adam ölüm ayağında gətirilib xəstəxanaya. Yəni 1 faizlik şansını sınamaq istəyib. Mənim qayınatam bu xəstəxanada müalicə alır. 4 dəfə onu ölümdən qaytarıb bizə veriblər. Əgər insanın sağlamlıq durumu yaşamasına imkan vermirsə, burada həkimi, klinikanı necə ittiham etmək olar?”.
Qeyd edək ki, 2017-ci ildə hospitalda iki ölüm faktı qeydə alınıb. Onlardan biri 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya, digəri 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımovdur.