Daşkəsəndə baş verən meşə yanğını söndürüldü – YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daşkəsən rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

AzBaku.info nazirliyin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 30-da axşam saatlarında Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində baş vermiş yanğın bu gün saat 08.00 radələrində tam söndürülüb.

Yanğının baş verdiyi ərazi yüksək dağlıq sahəni əhatə etdiyindən, eyni zamanda, güclü küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinliklər yaratmışdı. Bütün bunlara baxmayaraq, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələrinin və yerli əhalinin ciddi səyləri nəticəsində yanğının söndürülməsinə nail olunub.

Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

***

09:27

Fövqəladə Hallar Nazirliyi Daşkəsən rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

AzBaku.info nazirliyin saytına istinadən verdiyi xəbərə görə, rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb.

Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

30.10.2017 (21:58)

Daşkəsənin Dəstəfur kəndində başlayan meşə yanğını güclü külək səbəbindən daha da genişlənib.

AzBaku.info Report-a istinadən məlumatına görə, yanğının baş verdiyi meşə zolağı ilə kəndin yaşayış massivi arasında təxminən 2.3 kilometrlik məsafə olduğundan sakinlər alovun evlərə keçməsindən ehtiyat edirlər.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub. Kəndə verilən elektrik enerjisi dayandırılıb. Yanğının söndürülməsində kənd sakinləri və polis əməkdaşları da iştirak edir.

İlkin məlumatlara görə, yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb.

20:34

Bu gün, axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub.

Güclü və isti külək olmasına baxmayaraq, hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.