“Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsi çərçivəsində növbəti tədbir ADPU-nun Şəki filialında keçirildi

“Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsi çərçivəsində növbəti tədbir ADPU-nun Şəki filialında keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti maarifləndirici tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında baş tutub. Üçaylıq müddətdə reallaşdırılan layihənin rəhbəri Büllur Məmmədovadır.

Layihənin əsas məqsədi gənclər arasında narkotik vasitələrin istifadəsinin qarşısını almaq, onları bu təhlükəli vərdişdən qorumaq və sağlam sosial mühitin formalaşdırılmasına töhfə verməkdir. Tədbir zamanı iştirakçılara narkotiklərin insan sağlamlığına və cəmiyyətə vurduğu fiziki, psixoloji və sosial zərərlər haqqında ətraflı məlumat verilib. Gənclərin düzgün həyat tərzi seçməsinin əhəmiyyəti, sağlam yaşam vərdişlərinin önəmi və zərərli təsirlərdən qorunma yolları müzakirə edilib.

Tədbirdə yaradıcı sənayelərin gənclərin şəxsi və sosial inkişafındakı roluna xüsusi diqqət ayrılıb. Vurğulanıb ki, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların bacarıqlarının inkişaf etdirilməsi və mədəni fəaliyyətlərə cəlb olunması narkotiklərə meyilliliyin azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu çərçivədə musiqi, kino, dizayn, teatr, rəqəmsal incəsənət, ədəbiyyat və digər yaradıcı sahələrin gənclər üçün ifadə azadlığı, şəxsi inkişaf və peşəkar fəaliyyət imkanları yaratdığı qeyd olunub.

İştirakçılara yaradıcı sənaye sahəsində mövcud imkanlar, fərdi hobbilərin peşəyə çevrilməsi yolları, həmçinin bu sahənin iqtisadi və sosial potensialı barədə geniş məlumat verilib. Bildirilib ki, yaradıcı sahələr gənclərin yalnız istedadını inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda onların məşğulluğunu təmin edir və cəmiyyətə daha fəal, məhsuldar və sosial cəhətdən faydalı fərdlər kimi inteqrasiyasına dəstək olur.