Cənub bölgəsində əsən güclü külək Lerik və Masallı rayonlarına ciddi ziyan vurub.
AzBaku.info xəbərinə görə, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Trend-ə açıqlamasında bildirib ki, külək, əsasən, rayonun elektrik enerjisi təsərrüfatına ziyan vurub: “Güclü külək nəticəsində elektrik dirəkləri aşıb, xətlər qırılıb. Oktyabrın 30-u axşam saatlarından rayonun əksər hissəsi elektrik enerjisiz qalıb. Dünən gecə saatlarında şəhərə elektrik enerjisinin verilməsi bərpa olunsa da, kəndlər hələ də işıqsızdır. Hazırda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları kəndlərə elektrik enerjisinin verilməsi üçün təmir işləri aparır”.
H.Məlikov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə bildirib ki, hadisə nəticəsində rayonun mərkəzi və 40-dan artıq kəndi işıqsız qalıb: “Şəhər ərazisində elektrik enerjisinin verilməsi artıq bərpa edilib. Hazırda kəndlərin elektrik xətlərinin bərpası ilə bağlı tədbirlər görülür. Gün ərzində kəndlərə elektrik enerjisinin verilməsi bərpa ediləcək”.
N.Muxtarlı bildirib ki, güclü külək rayon ərazisində 20-dən artıq irigövdəli küknar ağacını kökündən çıxarıb. Bir kəndin orta məktəbinin dam örtüyü tam yararsız vəziyyətə düşüb, digər bir kənd məktəbinin dam örtüyünə müəyyən qədər ziyan dəyib, bir evin üzərinə isə ağac düşüb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də faktı təsdiqləyib. O bildirib ki, güclü külək nəticəsində cənub bölgəsində elektrik enerjisi təsərrüfatına ziyan dəyib: “Dünən günortadan sonra bölgədə güclü külək başlayıb. Nəticədə iri gövdəli ağaclar elektrik xətlərinin üzərinə aşıb, elektrik dirəklərini aşırıb və xətləri qırıb. Dərhal “Azərişıq” ASC-nin operativ əməliyyat qrupu hadisə zonasına səfərbər olunsa da, gecə saatlarına qədər davam edən külək yaşayış məntəqələrinin elektrik enerjisinin bərpa edilməsinə maneçilik törədib. Gecə saatlarından əməkdaşlarımız təmir-bərpa işlərinə cəlb edilib. Hazırda ərazinin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər davam edir”.