Iş adamları məhkəmədə Zakir Fərəcovu ifşa etdilər

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində, iş adamı, Sumqayıt Dənizkənarı Bulvarın yenidən qurulması üçün prosesə cəlb olunan Müqayis Verdiyevə qarşı irəli sürülən ittihama baxılıb. Realliqinfo.az –ın əməkdaşının iştirak etdiyi prosesdə baş verənləri diqqətinizə çatdırırıq.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı və qarşı tərəfin nümayəndələri dindirlib. Prosesdə iştirak edən Müqayis Verdiyev ittihamı saxta adlandırıb və bunu Sumqayıt icra başçısının sifarişi olduğunu söyləyib.
Iş adamları məhkəmədə Zakir Fərəcovu ifşa etdilər

Bundan sonra zərərçəkənlər Məhəmməd Əsgərov, Rəşaq Abbasov, Aydın Quliyev, İsa Qasımov, Bilal Piriyev və digərlərinin nümayəndəsi, tanınmış vəkil Elçin Sadıqov mülki iddia qaldırıb. İddiaya görə zərərçəkənlərin mənimsənilən vəsaitlərinə görə məsuliyyət Müqayis Verdiyev üzərinə deyil, Sumqayıt şəhər icra hakimiyyətinin üzərinə düşür. Elçin Sadıqov çıxışında bildirib ki, iş adamları dəfələrlə icra başçısı Zakir Fərəcov və icra hakimiyyətinin memarlıq şöbəsinin müdiri Fəzail Hüseynovun qəbulunda olublar və onlara pullarının qaytarılacağı vəd edilib. Lakin icra başçısı verdiyi sözə əməl etməyib. Bu kimi faktları sadalayan vəkil qeyd edib ki, iş adamlarından alınan vəsaiti Müqayis Verdiyev deyil Sumqayıt icra hakimiyyəti ödəməlidir. Elçin Sadıqov onu da bildirdi ki, sahibkarlardan alınan materiallar Müqayis Verdiyevin evinin və ya şəxsi mülkinin təmiri üçün istifadə olunmayıb. Həmin materiallar icra hakimiyyətinin sifarişi ilə

Sumqayıtda görülən işlərə sərf edilib. Buna görə məsuliyyət icra hakimiyyətin üzərinə düşür.

Bundan sonra prosesdə zərəçəkənlər dindirildi. İlk dindirilən Abdullayev Aydın qeyd etdi ki, o Müqayis Verdiyevə material verməyib və pulunu da ondan tələb etmir: “Biz materialı Sumqayıt icra hakimiyyətinin memarı Fəzail Hüseynovun xahişi ilə vermişik. O da dəfələrlə bizə söz verdi ki, pullarının ödəniləcək. İcra başçısı Zakir Fərəcovun qəbulunda da olmuşuq. İcra başçısı bizə bildirib ki, bulvarın açılışından sonra pullarımız ödəniləcək. Sumqayıt rəhbərliyi dəfələrlə bizə deyib ki, Müqayis Verdiyev bu işlərdə heç kimdir. O pul işinə baxmır. Pulu biz verəcəyik. Lakin bizi həmişə söz verib aldadıblar. Sonra da polislə hədələyiblər”.

Iş adamları məhkəmədə Zakir Fərəcovu ifşa etdilər

Daha sonra dindirilən iş adamı, zərərçəkən Bilal Piriyev qeyd etdi ki, Sumqayıtda görülən işlər şəhər icra hakimiyyətinin tapşırığı ilə həyata keçirilib. İcra başçısı və Fəzail Hüseynovla dəfələrlə görüşən iş adamı bildirdi ki, ona borcunun qaytarılacağı söz verilsədə nəticə yoxdur. İş adamı Müqayis Verdiyevin şərlənərək həbs olunduğunu söyləyən B.Piriyev icra başçısından pulunu tələb etdiyini qeyd edib.

Daha sonra dindirilən zərərçəkən Ənnağıyev Bəxtiyar qeyd edib ki, bütün işləri dolaşdıran və pulları mənimsəyən Sumqayıt şəhər icra başçısı və baş memar Fəzail Hüseynovdur. O icra hakimiyyətinin məsul işçisi Adil Xudadatovun da pul mənimsəmələrində əsas şəxs olduğunu qeyd edib.

Hakim Əhməd Quliyev növbəti prosesi fevralın 8 –i saat 10-30 təyin etdi.

Qeyd edək ki, Müqayis Verdiyev bir ildən artıqdır ki, Sumqayıt icra başçısı Zakir Fərəcovun sifarişi ilə həbs olunub. İcra başçısı mənimsədiyi vəsaiti və həyata keçirdiyi qanunsuzluqları ört-basdır etmək üçün bir zamanlar “qardaş” deyə çağırdığı şəxsi həbs etdirib. Zakir Fərəcovun özbaşınalığı nəticəsində Sumqayıtda artan narazılıqlar kütləvi hal almaqdadır. Ölkə başçısının tapşırıq və qərarlarına məhəl qoymayan Fərəcov özünü Bəylər Əyyubovun qohumu adlandırır və hamını generalın adı ilə hədələyir.
Mövzuya qayıdacağıq.
Realliqinfo.az