Ağsuda 3 uşaq anası işıq borcuna görə intihar etdi — TƏFƏRRÜAT

Yanvar ayının 24-də Ağsu rayonunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.

Hadisə vaxtı evdə qadının azyaşlı qızı olub. İlxıçı-Qaraqoyunlu kəndinin icra nümayəndəsi Azad İsgəndərovun ölkə.az-a verdiyi məlumata görə, “Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədilər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardım da kəsilib. Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər. Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”.

Hazırda üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbləri araşdırılır. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.