Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının inzibati binasında YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib.
Gununsesi.info xəbər verir ki, yığıncağı giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov hesabat-seçki yığıncağının iştirakçılarını salamladı. Yeni Azərbaycan Partiyası və partiyanın Binəqədi rayon Təşkilatının uğurlu, məqsədyönlü siyasi fəaliyyəti haqqında fikirlərini bölüşdü. YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağının keçirilməsinin məqsəd və məramından bəhs edərək hesabat dövrü ərzində görülən işlərin, reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışdı.
Bildirdi ki, YAP Binəqədi rayon Təşkilatı fəaliyyətində daim ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq həyata keçirdiyi mühüm fəaliyyətin nəticəsi olaraq mühüm uğurlara imza atıb. Təbii ki, rayon təşkilatının fəalları bu işdə yaxından iştirak edərək əldə olunana uğurlara öz töhfələrini veriblər. Ramiz Göyüşov Gənclər Birliyinin fəaliyyətinin bundan sonra uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədr əvəzi Fəsli Nəbiyev hesabat-seçki yığıncağının gündəliyini elan etdi. Gündəlik yekdilliklə qəbul edildikdən sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələrə başlanıldı. Gündəliyə əsasən Fəsli Nəbiyev rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi olaraq hesabat-məruzəsi ilə çıxış etdi. O, hesabat dövrü ərzində görülən işləri diqqətə çatdırdı. Qeyd etdi ki, Gənclər Birliyi tərəfindən ulu öndər Heydər Əliyev irsinin araşdırılması, öyrənilməsi və təbliğ edilməsi, ölkə prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm islahatlara, ölkəmizin hərtərəfli inkişafına hədəflənmiş fəaliyyətinə həsr olunmuş ideoloji işlərin aparılması, gənclərin maarifləndirilməsi üçün təxirəsalınmaz işlər görülüb. Həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini söylədi. Bu baxımdan, Binəqədi rayonunda gənclərin inkişafı üçün yaradılmış şəraiti və görülən işləri xüsusi olaraq vurğuladı.Hesabat məruzəsi ətrafında çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəalı Nicat Şükürlü bildirdi ki, bugün ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi formalaşıb. Ümummilli liderin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan bir ölkədə yaşayırıq. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar. Azərbaycanda dövlətçiliyimizə sadiq, prezident İlham Əliyevin xalqımızın maraqlarına xidmət edən siyasətini dəstəkləyən böyük gənclər ordusu var. Qlobal miqyasda gedən mənfi proseslər fonunda Azərbaycan gəncliyi öz prezidenti ətrafında sıx birləşməli, vətənpərvərlik nümunəsi ortaya qoymalı, onu öz təsiri altına salaraq, şəbəkələşdirərək milli dövlətçiliyimizə qarşı yönəltməyə çalışan xarici qüvvələrə layiqli cavab verməyi bacarmalıdır. Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Gənc fəal Binəqədi gənci olaraq rayon gəncləri adından onlara göstərdiyiniz etimadı doğruldacaqlarına əminliklə söz verdi.Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs etdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasətinin bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Ölkəmizdə gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdı. Onun sözlərinə görə Binəqədi rayonunda da gənclər siyasəti ardıcıl olaraq həyata keçirilir. Gəncləri hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, yüksək fəallığa malik potensial gənclər olaraq yetişmələri istiqamətində mühüm işlər görülür. Görülən işlərində YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəallarının yaxından iştirak etdiklərini diqqətə çatdırdı. O, həmçinin Binəqədi Gənclər Evinin fəaliyyəti barədə məlumatlar çatdırdı.Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran digər məsələlər – YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin 37 nəfərdən ibarət Şura və 21 İdarə Heyətinin üzvlərinin tərkibləri müzakirə olunaraq təsdiq edildi. Həmçinin yığıncaq iştirakçılarının səsverməsinə əsasən Fəsli Nəbiyev sədr, Nigar Məmmədova, Anar Əliyev və Fərhad Hacıyev isə sədr müavinləri seçildilər.Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsi də uğurla inkişaf edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olmuş və hər zaman onlara dəstək vermişdir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Bu siyasət ardıcıl olaraq davam edir. Seymur Orucov bildirdi ki, ölkəmizdə bütün sahələrdə layiqincə təmsil olunan gənclər içərisində Yeni Azərbaycan Partiyasının gənclərinin xüsusi rolu var. Belə ki, partiyanın gəncləri öz yüksək intellektual potensialı, savadı, bacarığı və dövlətə, ulu öndərin ideyalarına göstərdikləri sədaqətlə daim fərqlənirlər. Ölkəmizin iqtisadi sahədə qazandığı uğurlardan da bəhs edərək Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilməsini, “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılmasını, 2 milyardıncı neftin hasil olunmasını dövlət başçısı cənab İlham Əliyevin məqsədyönlü iqtisadi və siyasi islahatlarının tərkib hissəsi adlandırdı. Çıxışının sonunda Binəqədi gənclərinin aktivliyindən danışaraq partiyanın bütün tədbirlərində, həmçinin sosial mediada təbliğat işlərinin qurulmasında uğurla çalışdıqlarını nəzərə çatdırdı.Hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edildi. YAP Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatına fəal iştirakına görə bir qrup gənc fəxri fərmanla təltif olunub.
Hesabat-seçki yığıncağında yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən, dövlətçiliyimizin möhkəmlənməsinə və xalqımızın rifahına hesablanmış mühüm islahatlardan söhbət açdı. Qeyd etdi ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Təxirəsalınmaz və müdrik siyasi strategiyanın nəticəsidir ki, ölkəmiz müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması onu sübut edir ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.
X.İsgəndərov Binəqədi gənclərinə böyük ümid bəslədiyini bildirərək onların dövlətimizi və xalqımızı daim ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğuladı. Həmçinin bütün gənclərimizi dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə və dövlətimizə qarşı yönəlmiş bütün təhdidlərə qarşı həmrəy olmağa çağırdı.
Qeyd edək ki, Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərovla bağlı son dövrlər bir sıra mətbuat orqanlarında müxtəlif səpkili yazılar dərc olunurdu. Bəzi məlumatlarda X.İsgəndərovun məzuniyyətə çıxdığı və bir daha onun geri qayıtmayacağı qeyd olunmuşdur.