Polis avtoxuliqanların avtomobillərini belə məhv edir – VİDEO

Məhv edilən avtomobillər arasında "Nissan Skyline R33", "Nissan Silvia S13" və pikap "Holden" avtomobili də var.
Avstraliyanın Viktoriya ştatında polis küçələrdə avtoşluq edən şəxslərdən müsadirə olunan 8 avtomobili məhv edib. Bununla bağlı "7 News Brisbane" saytı öz "Facebook" səhifəsində video paylaşıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, məhv edilən avtomobillər arasında "Nissan Skyline R33", "Nissan Silvia S13" və pikap "Holden" avtomobili də var. Bu avtomobillərin hər biri 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində küçələrdə qanunsuz yarışlar edən şəxslərə qarşı aparılan reyd nəticəsində müsadirə olunublar.

Məsələn, "Nissan Skyline R33" avtomobilinin sahibi insanların təhlükəsizliyini pozmaqda ittiham olunur. Buna görə 2 min avstraliya dolları miqdarında cərimə olunub.

"Nissan Silvia S13" avtomobilinin sürücüsü isə 1250 avstraliya dolları dəyərində cərimə ödəyib və 9 aylıq sürücülük hüququndan məhrum edilib. Digər avtomobillərin sürücüləri də eyni cəzalar alıblar. Hətta bəzilərinin 18 aya qədər sürücülük hüququndan məhrum edildiyi bildirilir. Bundan başqa, polis küçə yarışlarının iki təşkilatçısını saxlayıb. Hazırda onlarla bağlı təhqiqat aparılır.

2015-ci ilin noyabrında yaradılmış "Taskforce Regarder" qrupu küçə yarışları ilə məşğul olan şəxsləri tapmaqla məşğul olur. Onun əməkdaşları indiyə qədər 55 sürücü cəzalandırıblar və 24 avtomobil müsadirə edilib. Operativ qrupa xəfiyyələr və yol polisi əməkdaşları daxildir.

"Biz bu cür yarışlat təşkil edən insanlara qarşı tolerantlıq nümayiş etdirə bilmirik. Çünki onların təşkil etdikləri yarışlar insanların həlak olmasına və ya şikədt olmasına səbəb olur", - deyə Taskforce Regarder qrupunun inspektoru Mik Deyli bildirir.

Mənbənin yazdığına görə, 2016-cı ildə təxminən 80 avtomobil avtoşluğa görə Dubay Əmirliyinin polisi tərəfindən müsadirə edilib. Öz avtomobillərinin qaytarılması üçün qayda pozanlar 100 min dirhəm (təxminən 27 min dollar) cərimə ödəmək məcburiyyətində qalıblar.