“Bakı Metropoliten”inin “İnşaatçılar” stansiyasında özünü relslərin üstünə atan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu.Az xəbər verir ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan “İnşaatçılar” metrostansiyasında özünü relslərin üstünə ataraq “Elmlər Akademiyası” istiqamətinə qaçmaq istəyərkən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, T. Ələsgərov indiyədək bir neçə dəfə intihara cəhd edib. Sonuncu belə hadisə yanvarın 20-də yaşanıb. Belə ki, Tamerlan Ələsgərov həmin gün özünü Xırdalan şəhərində doqquz mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib.
Yaxınlarının dediyinə görə, T.Ələsgərov bu yolla yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz edib.
Onların sözlərinə görə, T. Ələsgərov etiraz olaraq bundan sonra yenidən intihara cəhd etmək istəyib.
Qeyd edək ki, bu gün bir sıra KİV-də Tamerlan Ələsgərovla bağlı həqiqətə uyğun olmayan məlumat yayılıb. Məlumatda iddia olunur ki, T. Ələsgərovun özünü relsin üstünə atmasına səbəb populyar olmaq istəyidir. Yəni gənc diqqət çəkmək istəyib.