Beyləqan rayon 1 saylı Dövlət Notariat Kontorunda rüşvət aşkar şəkildə alınır – Təfsilat

Şəmsiyyə Hüseynova kontoruna rüşvət ilə iş aşırmağa gələnlərə digər vətəndaşlara nisbətən daha çox vaxt və xüsusi diqqət ayırır.

Beyləqan şəhərindəki 1 saylı Dövlət Notariat Kontorunda (DNK) aşkar şəraitdə baş verənlər, bütün müşahidə olunanlar tam əminliklə söyləməyə əsas verir ki, kontor rəisi dövlət notariusu Şəmsiyyə Hüseynova buranı öz şəxsi biznes obyekti kimi idarə edir.

Bu sətirlərin müəllifi özü hal şahidi və korrupsiya hüquqpozmasına görə maddi ziyan çəkmişəm. Vətəndaşların narazılıqlarının bir və həm də birinci səbəbi onunla bağlıdır ki, respublikanın ərazisinə və əhali sayına görə kifayət qədər böyük əyalətlərindən olan və məcburi köçkünlərin də böyük kontingentinin məskunlaşdığı Beyləqan rayonu üçün cəmi bir notariat kontoru azlıq edir.

Əvvəllər rayonun iri yaşayış məntəqələrindən olan Daşburun qəsəbəsində mövcud olmuş notariat kontoru sonradan ləğv edildi. Söz gəzir ki, rayonda notariat xidməti göstərən ikinci bir kontorun olmasına məhz Ş.Hüseynova maneçilik edir.

Buradan belə bir sual yarana bilər ki, Şəmsiyyə xanım Ədliyyə Nazirliyində, daha da konkret desək, Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsində hansı üstün xüsusiyyətinə görə müstəsna nüfuza malikdir ki, işlədiyi rayonda rəqib notariusun fəaliyyətinin qarşısını ala bilir. Suala sualla cavab verə bilərik: Görən, o boyda ədliyyə sistemində, elə Beyləqan rayonunun özündə məgər başqa bir savadlı hüquqşünas tapılmır ki, yaş senzi bitmiş Ş.Hüseynova 6 ildir dalbadal hər dəfə birillik müqavilə ilə xidmət müddətini uzatmağa nail olur?

RealMedia.az-ın araşdırmaları zamanı o da məlum olub ki, Ş.Hüseynovanın kontorunda daxili nizam-intizam qaydası demək olar ki, yoxdur. Rüşvət ilə iş aşırmağa gələnlərə digər vətəndaşlara nisbətən daha çox vaxt və xüsusi diqqət ayırılır. Elələri kontor rəisinin kabinetinə növbə gözləmədən girib onunla saatlarla danışır və “xırda məsələlər” üçün gəlmiş “xeyirsiz adamlar”ı gözləməyə vadar edir, səbr kasalarını daşdırırlar.

Kontorda notariat xidmətləri vətəndaşlara ən azından ikiqat xərc hesabına başa gəlir. Məsələn, bu sətirlərin müəllifindən iki uşağın doğum haqqında şəhadətnaməsinin surətlərini hərəsini 5,00 manata çıxarıblar. Halbuki, hər nüsxəyə görə 2,50 manat dövlət rüsumu tələb olunur və məhz həmin məbləğdə ödənişin edildiyi sənəd qüvvəsini almış surətin arxasında möhürlə təsdiqlənir. Belə çıxır ki, Beyləqanda Notariat Kontoru yeganə olduğu və yeganə olaraq qalacağı üçün adının qarşısındakı “1 saylı” sözü, Şəmsiyyə Hüseynovaya məxsus olduğu üçünsə, önündəki “Dövlət” sözü çıxarılmalıdır.
Beyləqan rayon 1 saylı Dövlət Notariat Kontorunda rüşvət aşkar şəkildə alınır – Təfsilat
Beyləqan rayon 1 saylı Dövlət Notariat Kontorunda rüşvət aşkar şəkildə alınır – Təfsilat

RealMedia.az