Maşın almaq istəyənlər avtomobili ya elan saytlarından seçir, ya da bazarlara üz tuturlar. Amma bunların arasında xeyli qiymət fərqi var.
AzBaku.info xezerxeber.az-a istinadən bildirir ki, eyni model, mühərrik və demək olar ki, eyni kilometr məsafə qət etmiş və eyni göstəricilərə malik iki avtomobilin qiyməti fərqlidir. Avtomobil bazarlarında eyni maşın 10 min manat satıldığı halda, elan saytında 12 min manata təklif edilir. Bu isə bir məsələni gündəmə gətirir. Avtomobil bazarları ilə elan saytları arasında qiymət fərqi hardan yaranır?
Nisbətən bahalı model və "Cip"lərə gəldikdə isə, aradakı qiymət fərqi daha da artır. Üstəlik, satıcılar deyir ki, bazarda avtomobilin qiymətini aşağı salmaq olur. Saytda isə bu, çətin məsələdir.
Satıcılar kimi alıcılar da avtomobil elanı saytlarında bazarlarla müqayisədə qiymətlərin baha olduğunu deyir. Bu fərq isə 500-2 min manat arasında dəyişir.
Satıcılar deyir ki, son bir neçə il ərzində avtomobillərin qiymətlərinin kəskin qalxmasının əsas səbəblərindən biri də saytlardakı yüksək qiymətlərin olmasıdır. Onların sözlərinə görə, avtomobil satmaq istəyən şəxs qiymət təyin etmək üçün ilk olaraq elan saytında həmin modelin neçəyə satıldığına baxır. Bazara gətirdikdə isə alıcıya elə saytdakı şişirdilmə qiyməti deyir.
Avtomobil alqı-satqısı ilə məşğul olanlar deyir ki, qiymət fərqinin yaranmasının əsas səbəbi elan saytlarının pulsuz, seçimin isə çox olmasıdır.