Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayon sakini Qurban Hüseynovun xüsusi amansızlıqla qəsdən iki və ya daha çox şəxsi qəsdən öldürmə maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Saray qəsəbəsi, E.Hümbətov küçəsindəki 9 saylı evdə qətl hadisəsi baş verib.
Cinayəti törədən Qurban Hüseynov saxlanılıb. Hadisə yerinə baxış zamanı üzərində zorakılıq əlamətləri ilə iki qadın meyiti aşkar edilib.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Qurban Hüseynov bildirib ki, Saray qəsəbəsində beş nəfər yaşayıblar. Hadisədən bir ay əvvəl onun arvadı ilə mübahisələri başlayıb.
Martın 24-də işdən evə gələn Qurban ona yemək hazırlamaq əvəzinə, yatan arvadını oyadıb və oyanan qadın onu təhqir edib. Qurban cavab olaraq otaqdakı qanteli götürüb, Farizin başına ardıcıl zərbələr vurub. Rəhilə qolundan tutub, Hüseynovu sakitləşdirməyə çalışıb.
Bu zaman əlindəki qantel arxasında dayanmış qızın da başına dəyib. Xalasının öldüyünü görən qız evin giriş qapısına tərəf qaçıb. Qurban Rəhiləni təqib edərək, qapının önündə idman aləti ilə zərbələr vuraraq onu öldürüb.
Evdən çıxıb, özünə məxsus mobil nömrə ilə qaynı Hüseynə zəng vurub, törətdiyi hadisə barədə məlumat verib və ondan 102 xidməti ilə əlaqə saxlamasını xahiş edib. Bundan sonra polis əməkdaşları gəlib Q.Hüseynovu Abşeron RPİ-nə aparıblar.
Məhkəmə prosesində Qurban Hüseynov ittiham üzrə özünü təqsirli bilb. Məhkəmədən ona cəza təyin edərkən, törətdiyi əməldən peşman olmasını nəzərə almağı xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi İsmayıl Hüseynov bildirib ki, atasına qarşı heç bir şikayəti və tələbi yoxdur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Qeyd edək ki, qətli törədən Hüseynov Qurban İsmayıl oğlu “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.