“Real”ın portuqaliyalı futbolçusu Kriştyanu Ronaldu növbəti rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, 33 yaşlı hücumçu Çempionlar Liqasında (ÇL) bir klubda 100 qol vuran ilk futbolçu olub.
Ronaldu bunu PSJ ilə 1/8 final matçının 45-ci dəqiqəsində penaltidən hesabı 1:1 etməklə reallaşdırıb. O, 83-cü dəqiqədə etdiyi dublla komandasını hesabda irəli çıxarıb. Madridlilər yekunda 3:1 hesabı ilə qalib gəlib.
Ona 100 qol həddinə çatmaqla bağlı tarixi rekorda imza atmaq üçün doqquz ildir çıxış etdiyi Madrid klubunun heyətində ÇL-də 95 oyun keçirmək lazım gəlib. O, bu matçlarda 30 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Kriştyanu Ronaldu ÇL-də ölkəsinin “Sportinq” və İngiltərənin “Mançester Yunayted” klublarının heyətində də oynayıb və ümumilikdə 147 matçda 116 qol vurub, 39 məhsuldar ötürmə edib.