2 uşaq anası bara getdi, gecə yarısına kimi əyləndi, sonra oğlanla... - Bakıda ŞOK OLAY

Gecə klubunda qanlı cinayət törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Günay Süleymanova 2015-ci ilin iyulun 13-də Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” gecə klubuna əylənməyə gəlib.

Gecə klubunda tanışlıq təklifi

Günay Süleymanova həmin gün gecə yarısına kimi gecə klubunda əylənib. Ona klubda olan Emin Loğmanov bir neçə dəfə yaxınlaşaraq, tanış olmaq istədiyini bildirib.

Lakin Günay Süleymanova Emin Loğmanovla tanış olmaq istəmədiyini deyib. İyulun 14-də, gecə saat 02-03 radələrində Emin Loğmanov yenidən Günay Süleymanovaya yaxınlaşaraq tanışlıq təklif edib.

Biri xəstəxanalıq, digəri həbsxanalıq oldu

Günay Süleymanova Emin Loğmanovun ondan əl çəkməməsinə əsəbiləşib. O, stolun üstündən götürdüyü pivə qədəhini onun alın nahiyəsinə çırpıb. Zərbənin təsirindən Emin Loğmanov sol gözündən kor olub.

Emin Loğmanov xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Polisin keçirdiyi əməliyyat nəticəsində Günay Süleymanova həbs edilib.
Günay Süleymanova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham olunub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Qulağıma tanış olmaq istədiyini dedi”

Təqsirləndirilən şəxs qismində ifadə verən Günay Süleymanova bildirib ki, 14 iyul 2015-ci ildə, saat 01.30-da xalası qızı Esmira ilə birlikdə əylənmək üçün Səbail rayonu ərazisində yerləşən “Troya” gecə klubuna gedib: “Biz masaların birində oturaraq pivə sifariş etdik. Həmin vaxtı sonradan adının Emin olduğunu öyrəndiyim şəxs mənə yaxınlaşaraq qulağıma tanış olmaq, telefon nömrəsini və yanımda oturmaq istədiyini dedi. Ona yanımda oturmağa icazə vermədim. Məni narahat etməməsini bildirdim”.

“Onu məndən uzaqlaşdırdılar”

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 5 dəqiqə sonra Emin yenidən onların masalarına yaxınlaşıb və yenə onunla tanış olmaq istədiyini deyəndə, bir daha Eminə onunla tanış olmaq istəmədiyini deyib: “Lakin, Emin yanımdan uzaqlaşmadığı üçün ayağa qalxaraq onu itələdim. Həmin vaxt tanımadığım müştərilər Emini məndən uzaqlaşdırdılar”.

“Bizi gecə klubunun sahibi saxladı”

Günay Süleymanovanın sözlərinə görə, sonra Emin zalın ortasına gedib və rəqs etməyə başlayıb: “Biz isə oturduğumuz masadan durduq və həmin masanın yanında olan digər masaya keçdik. Təxminən 5 dəqiqə sonra Emin yenidən bizim olduğumuz masaya tərəf gəldi. Onun məni vuracağını ehtimal edərək masanın üstündəki pivə bakalını içində olan pivəni Esmiranın bakalına boşaltdım. Həmin boş bakalı götürərək Eminə tərəf getdim. Əvvəlcə Eminin sinəsindən əlimlə itələdim. Sonra pivə bakalını Eminin sol alın nahiyəsinə çırpdım. Pivə bakalı sındı və Emin xəsarət alaraq sanitar qovşağına getdi. Biz gecə klubunu tərk etmək istəyərkən klubun sahibi məni saxladı. Az sonra polis əməkdaşları hadisə yerinə gəldi. Məni 39-cu polis bölməsinə apardılar”.

“Eminin hərəkətlərindən əsəbiləşmişəm”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Emin ona bar qızı olduğunu, onunla cinsi əlaqədə olmaq istədiyini deyib: “Emin yaxınlaşanda məni vurmaq istədiyini düşünmüşəm. Ona görə də özümü müdafiə etmək məqsədilə Emini vuraraq xəsarət yetirmişəm. Emin hər dəfə qulağıma söz deyərkən saçlarımdan tutaraq danışdığından əsəbiləşmişəm”.

“Qızdan xoşum gəldiyini dedim”

Zərərçəkmiş şəxs qismində ifadə verən Emin Loğmanov bildirib ki, iyulun 14-də saat 01-də dostları - Orxan Əmiraslanlı və Elnur Məmmədov ilə birlikdə əylənmək üçün “Troya” gecə klubuna gəliblər: “Səhnəyə yaxın masaların birində oturaraq iki şüşə pivə sifariş etdik. Pivə içib rəqs etdikdən sonra saat 01.40-da səhnənin qarşı tərəfində iki nəfər qızın bir masada oturduğunu gördüm. Həmin masaya yaxınlaşaraq qızlardan birinin qulağına ondan çox xoşum gəldiyini dedim. Həmin qız sözümü yarımçıq qoyaraq getməyimi bildirdi”.

“Mənə baxaraq söhbət etdiklərini gördüm”

Emin Loğmanov qeyd edib ki, qızdan uzaqlaşaraq rəqs etməyə başlayıb: “Sonra qıza yaxınlaşdığıma görə onun qanını qaraltdığımı düşündüm. Bu səbəbdən yenidən həmin qıza yaxınlaşaraq qanını qaraltdığıma görə üzr istədim. Qız isə yenə də çıxıb getməyimi deyəndə, qızdan uzaqlaşaraq oynamağa başladım. Oynayan zaman həmin qızların mənə baxaraq öz aralarında nəsə söhbət etdiklərini gördüm. Qızların mənə baxmaları xoşuma gəlmədi. Nəyə görə mənə baxaraq güldüklərini öyrənmək məqsədilə üçüncü dəfə qızlara tərəf getdim. Həmin qız, yəni sonradan adını öyrəndiyim Günay ayağa qalxaraq mənə tərəf gələrək bir söz demədən sol əli ilə sinəmdən itələdi, sağ əlində olan pivə bakalını sol gözümə çırpdı. Bakal sınaraq sol gözümü və göz ətrafındakı dərisini kəsdi. Sonradan Günay Süleymanova ilə barışmışam. Ona qarşı hər hansı bir şikayətim və tələbim yoxdur”.

6 il 6 ay cəza və narazılıq

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günay Süleymanova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Günay Süleymanova apelyasiya şikayəti verib.

O, şikayətində əməlinin xuliqanlıq ittihamı ilə düzün tövsif edilmədiyini qeyd edib. Günay Süleymanova barəsində olan hökmün ləğv edilməsini, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını, cəzasının şərti hesab edilməsini istəyib.

Günay Süleymanovanın şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Günay Süleymanovanın apelyasiya şikayəti təmin olunmayıb.

“Səbəb zərərçəkmişin qanunsuz hərəkətləri olub”

Bu qərardan narazı qalan Günay Süleymanova kasasiya şikayəti verib. O, şikayətində göstərib ki, apelyasiya instansiyası məhkəməsi cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, açıq-aydın onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almayıb, ədalətsiz qərar qəbul edib: “Əvvəllər məhkum olunmamışam, cinayəti törətməyimə səbəb zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri olub. Zərərçəkmiş şəxsə ağır xəsarət yetirmək niyyətim olmayıb”.

“Onlar ana nəvazişindən kənarda qalıb”

Günay Süleymanova törətdiyi əməli qismən etiraf etdiyini deyib: “Əməlimdən peşmanam, zərərçəkmiş şəxslə barışmışam. Zərərçəkmiş şəxsin mənə qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəmdə iki azyaşlı uşağım var. Onlar ana qayğısından, ana nəvazişindən kənarda qalıb”.

Təqsirləndirilən şəxs apelyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən halları nəzərə almayaraq ədalətsiz qərar qəbul etdiyini qeyd edib.

Cəzadan iki il çıxıldı

Şikayətçi kasasiya şikayətinin təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarın dəyişdirilməsini, cəzasının yüngüllədirilməsini xahiş edib.
Günay Süleymanovanın bu şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti onun şikayəti qismən təmin edib.
Məhkəmə Günay Süleymanovanın əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edib. Onun cəzası 4 il 6 aya salınıb.