Bakunews.az xəbər verir ki, Altun.az saytının baş redaktoru Süleyman Məmmədovun oğluna qarşı yenidən qoçu dəstəsi tərəfindən hücum təşkil edilib. Nəticədə baş redaktorun övladı Altay Məmmədov ağır bədən xəsarətləri alıb. Xatırladaq ki, 05.03.2018-ci il tarixdə Altay Məmmədovun evinə silahlı basqın təşkil edilmşdi. Media orqanlarında isə bununla bağlı geniş şəkildə məlumat verilməsinə baxmayaraq, Daxili İşlər Nazirliyinin Suraxanı rayon polis idarəsi tədbir görmək əvəzinə, silahlı basqında iştirak edən şəxslər rayon polis idarəsinə çağrılaraq rəis müavini Cavanşir Əhmədov tərəfindən dindirildikdən sonra sərbəst buraxılımışdır.
Qeyd etmək lazımdır ki, Təbib Aslanov bundan öncə Altay Məmmədovun evindən çıxarılması üçün ona kriminal aləmdə tanınan Kəbleyi Tahir adlı şəxs vasitəsi ilə təzyiqlər etdirmişdir. Bununla bağlı Altun.az saytının baş redaktoru Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazova saytımız vasitəsi ilə müraciət etmişdi. Müraciətindən sonra Tahir adlı şəxs Daxili İşlər orqanına çağrılaraq, tənbeh edilməsinə baxmayaraq, jurnalistin ailə üzvlərinə qarşı təzyiqlər davam edilir.
Jurnalistin ailə üzvlərinə edilən son basqından sonra iki günlük "taym-aut" götürən quldur dəstəsi, güc toplamış cinayətkar qrup, 08.03.2018-ci il tarixdə, saat 17.30 radələrində, evinin sındırılmış pəncərə şüşələrini bərpa etmək, T.Aslanov tərəfindən, 05.03.2018-ci il tarixdən, evinin işığı kəsilmiş soyuducuda olan ərzaq məhsullarını, məktəbli övladının dəyişək paltarlarını və dərsliklərini götürmək üçün evinə girmək istəyən A.Məmmədova yenidən silahlı hücum edilmişdir. Bel, lapatka, mantirovka ilə silahlanmış Təbib Aslanov, həyat yoldaşı Nailə, arvadının qardaşı Cahidin həyat yoldaşı və iki oğulları ilə birlikdə Altay Məmmədova hücum edərək, ağır bədən xəsarəti yetirmişlər.
Qeyd edək ki, baş verən məlum hadisələrlə bağlı baş redaktor S.Məmmədli ilə əlaqə saxladıq. S.Məmmədovun bildirdiyinə görə "hal-hazırda baş verəcək hadisələrin qarşısını almaq üçün Suraxanı rayon 31-ci polis bölməsinin rəisi İman Mehdiyevə bununla bağlı tədbir görməsini xahiş edib. Onlar isə bildiriblər ki, ağır hadisə baş vermədiyindən heç bir tədbir görə bilmirlər".
Budur! onların gözlədiyi ağır hadisə. A.Məmmədovun həyatı təhlükə altındadır. Amma polis yenə də heç bir qabaqlayıcı tədbir görməyib, bu gedişlə də görmək niyyətində deyillər kimi görünür. Həmçinin qeyd edək ki, zorluqla canlarını bu quldurluq sərgiləyən şəxslərin əlindən qurtaran A.Məmmədov hal-hazırda Suraxanı rayon 31-ci polis bölməsinə sığınıb. Faktla bağlı 31-ci polis bölməsində təhqiqat aparılır. Polisdən aldığımız məlumata görə, bu cinayət işi də 05.03.2018-ci ildə baş vermiş silahlı basqınla bağlı açılmış cinayət işinə əlavə ediləcəkdir – deyə Altun.az saytında qeyd edilib.
P.S. Bir jurnalist, həmçinin bir vətəndaş kimi qeyd etmək istərdik ki, Suraxanı rayon ərazisində bu qədər kriminal hadisələrin cərəyan etməsində məhz polis orqanının yüksək payı mövcuddur. Belə ki, dəfələrlə şikayət edən vətəndaşın başına hadisə gəlmədiyi üçün onun şikayətinə laqeyd qalan və “öz ayağımla gəlmişəm məni 15 sutqalıq həbsə göndərin”- deyən və “bezpredel” əməllərindən vaz keçməyəcəyini bildirən şəxsə seyirci qalan polis bizə gərək deyil. İman Mehdiyevin yürütdüyü bu “siyasət”, bu fəaliyyət heç də qəbul edilən deyildir. İdarə rəhbərinin müavininin tapşırmasına belə məhəl qoymayan İman Mehdiyev heç bir tədbir görmədiyindən, bu gün Altay Məmmədov ağır bədən xəsarətləri almaq məcburiyyətində qalıb.
Növbəti yazımızda:
- Bu şəxsləri kimlər, nə marağa himayə edir…?
- Kəbleyi Tahir adlı kriminal şəxsin jurnalistin evindən çıxarılmasında hansı maraqları olub?
- Yoxsa, Təbib Aslanovu himayə edən polis və kriminal şəxslərin arasında gedən hesablaşmalar …?