Bakunews.az xəbər verir ki, “Araz Media” xəbər portalının redaksiyasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətə, gördüyü xeyirxah işlərə, əməllərə adekvat olmayan bir şikayət məktubu daxil olub.
Tərtər rayon Qaradağlı kənd sakini İbrahimova Zinyət Yusif qızı yazır ki, Tərtər rayonunda yerləşən, onun Şəhid qardaşı İbrahimov Qaraş Yusif oğlunun adına olan Tərtər Peşə Liseyindən şəhidin adı müəmmalı və məqsədli şəkildə götürülüb. Xalqın övladlarına peşə, sənət verən bir məktəb şəxsi maraqlara görə bağlatdırılıb.
Bununla əlaqədar olaraq, Şəhid bacısı Zinyət xanım aidiyyatı qurumlara gedib-gəlməkdən yorulub. Ümid yeri bildiyi hər yerə müraciət edib. Lakin ona dəqiq, düzgün bir informasiya verən tapılmayıb ki, Şəhid Qaraş İbrahimovun adı niyə liseydən götürülüb və niyə bağlatdırılıb.
Nəhayət, Zinyətə məlum olub ki, bu işi Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov təşkil edib. Məmmədov Şəhid adını Peşə Liseyinin üzərindən ona görə götüzdürüb ki, həmin peşə liseyini asnlıqla bağlatdıra bilsin və məktəbin binasını satışa çıxarsın. Elə də olub. İndi bina satışdadır. Şəhidin bacısının dediyinə görə, binaya əməlli-başlı qiymət də qoyulub.
Şəhid bacısı Zinyət İbrahimova bu məsələyə görə, dəfələrlə başçı Müstəqim Məmmədovun qəbulunda da olub. Başçı isə hər dəfə, “get hara istəyirsən şikayət et, rayonun yiyəsi mənəm, prezident bu rayonu mənə etibar edib, məndə nə istəsəm edərəm, mənim üçün şəhid nağılı danışma, liseyin adında Tərtər sözü varsa, deməli mənim tabeliyimdədir, istəsəm saxlayar, istəsəm bağlatdıraram. Birdə ki, bunu unutma, mənim arxamda Elmar Vəliyev kimi dağ var” kimi xoşagəlməz, rayonda Prezidentin səlahiyyətli nümayəndəsinə yaraşmayan ifadələr işlədib.
Şəhid İbrahimov Qaraş Yusif oğlunun bacısı Zinyət xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə gündə heç olmasa, 4 teleqram vurur ki, onun şikayətinə baxsınlar və bi işdə “barmağı” olanlar cəzalansınlar. Onu da qeyd edək ki, Zinyət İbrahimovanın özü də birinci Qarabağ müharibəsi veteranıdır.
Biz də, “Araz Media” olaraq, sonadək məsələni gündəmdə saxlayacaq, bu barədə oxucularımıza mütəmadi məlumat verəcəyik. Yazını dərc edərkən bizə məlumat daxil oldu ki, başçı Müstəqim Məmmədov bu yazıdan sonra Zinyət xanımın üzərinə polis göndərəcək, ona fiziki, cismani təzyiqlər edəcək ki, niyə mediaya müraciət edib?!. Redaksiya olaraq bildiririk ki, şəhid bacısı Zinyət İbrahimova nəzərimizdədir. Ona qarşı hər hansı bir təzyiq ictimaiyyətə və aid dövlət məmurlarına dərhal çatdırılacaq. Bu cür neqativ addımlar atmaqdansa, əksinə onu dəvət edib, məsələnin həlli üçün çalışmaq daha məqsədəuyğundur. İnanırıq ki, Şəhid adına olan bu hörmətsizlik aradan qalxacaq.
Növbəti yazıda Şəhidimizin şəklini dərc edəcəyik.
Şikayətlə bağlı qarşı tərəflə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.
Tərtər rayon İcra Hakimiyyəti məqaləyə qarşılıqlı münasibət bildirsə, dərhal olduğu kimi, qərəzsiz dərc etməyə hazırıq.