“Birlikdə nə qədər plan qurmuşduq, inanmıram ki, artıq o, həyatda yoxdur...”.
“Bayram günü, qızımın 9-cu mərtəbədən düşüb öldüyü gün həmişəki kimi, qızlarıma yemək aparmağa getmişdim. Bacısı ilə birlikdə eyni ticarət mərkəzinin müxtəlif mağazalarında işləyirdilər. Baxdım ki, qəşəng bir kofta geyib... Ağ şalvarı göstərib, axşam da onu alacağını söylədi. Dedim, nə gözəlsən, dedi sənin qızınam da, gözəl olmalıyam...”
Hər kəsin aşını dəmləyib, bayram keçirdiyi bir gündə - martın 21-də Xırdalan qəsəbəsi, Qalubiyyə küçəsində bir qızın intihar etməsi ilə bağlı xəbər yayıldı. Amma onun kimliyi və intiharın səbəbləri barədə dəqiq məlumat verilmədi.
Sözügedən hadisəylə bağlı dəhşətli iddialar səsləndirildiyi üçün “Qafqazinfo”nun əməkdaşları Hüseynovlar ailəsində olublar. Ailədə heç kim 18 yaşlı Lamiyə Hüseynovanın intihar etdiyinə inanmır.
Qızının gülümsəyən şəkillərini bağrına basıb ağlayan Yeganə ana Lamiyənin iki oğlanın sevgi mübahisəsinin qurbanı olduğunu bildirir:
“Lamiyənin işlədiyi mağazanın sağ tərəfində Ramin, sol tərəfində isə Xəyyam adlı oğlan işləyirdi. Mənə demişdi ki, Raminin ondan xoşu gəlir. Oğlanın 18-19 yaşlı qızdan xoşu gələr də, məndən gələsi deyil ki?! Biz çox mehriban olmuşuq, nə olsa mənə deyirdi. Həmin söhbətdən 3 ay sonra dedi ki, Ramin çox kobuddur. Xəyyamın da qızımdan xoşu gəldiyini bilirdim. Dedim narahat edirlərsə, danışım onlarla. Dedi, özüm danışacağam, narahat olma. Axı mən nə biləydim balamın başına bu oyunu açacaqlar?! Qızım intihar etməyib, sırf bu iki şəxsin “razborka”sının qurbanı olub”.
Ailənin dediyinə görə, axşamüstü işin bitməyinə az qalmış Lamiyə mağazanı ətrafdakılara tapşırıb və 5 dəqiqə sonra gələcəyini deyərək çıxıb. Bir müddət sonra isə Xəyyam Lamiyənin böyük bacısı Nuranəyə zəng edərək onun intihar etmək istədiyini deyib:
“Bir dəfə zəng edib eşitməmişəm, ikinci dəfə açanda dedi “Lamiyə intihar edir, tez gəl!”. Hadisə baş verən bina işlədiyimiz ticarət mərkəzinin yaxınlığındadı. Həyətə çatanda Ramini gördüm, əlləri cibində binanın həyətindən çıxırdı. Ürəyim rahatladı ki, yəqin, heç nə olmayıb. Elə binaların üstünə baxa-baxa gedirdim ki, bir də qarşımda bacımın cansız bədənini gördüm. İnanmadım, fikirləşdim ki, yəqin, elə-belə bir şey olub. Əlləri isti idi.
Müstəntiq deyir ki, o, bir müddət 9-cu mərtəbədən asılı qalıb, amma əllərində heç nə yox idi, dırnağı belə qırılmamışdı. Başımı qaldıranda Xəyyamı gördüm, o tez mənə dedi ki, mən heç nə etməmişəm, Ramin edib. İndi müstəntiqlə danışanda deyirəm, Ramini həyətdən çıxanda gördüm. Deyir “Ola bilməz. O, orada olmayıb, stressdən sən elə hesab edirsən”. Sonra da başlayırlar Ramini tərifləməyə. Deyir ki, sənin Raminlə şəxsi-qərəzliyin var”.
Mərhumun atası Nəsib Hüseynovun sözlərinə görə isə qızın səsini ilk eşidən adam binanın mühafizəçisi olub.
Saytın əməkdaşları əvvəlcə bacıların işlədiyi “Mega City Abşeron” Ticarət Mərəzinə, daha sonra isə intiharın baş verdiyi yaxınlıqdakı binaya üz tutublar. Binanın mühafizəçisi də ölümün ilk şahidlərindən biri olduğunu təsdiqlədi:
“Həyətdəydim, birdən qışqırıq səsi eşitdim, hələ təzə nə olub deyə baxırdım ki, qız düz qabağıma düşdü. Həyəcandan nə edəcəyimi bilmədim, zəng etmək üçün yuxarı mərtəbəyə qaçanda danışıq səsi eşitdim. Kimsə telefonda “Ramin, indi gəl məni qurtar”, - deyirdi. Aşağı düşəndə həmin adamı tutdum və təhvil verdim. Aydın oldu ki, bu Xəyyam imiş. Ramini isə ümumiyyətlə görməmişəm”.
Mərhumun atası Nəsib Hüseynov dənizdə işlədiyi üçün hadisə baş verən zaman evdə olmayıb. Dediyinə görə, o qayıdandan 7 gün sonra da ölüm hadisəsiylə maraqlanan olmayıb. 8-ci gün ata özü cinayət işinin qaldırılması üçün prokurorluğa müraciət edib. Çarəsiz qalan Nəsib Hüseynov deyir ki, heç kimdən, heç nə istəmir. Bircə qızının qatillərinin cəza almasından başqa...
“Nə olsun o polis oğludu, dayısı Xırdalan bazarının böyüyüdür. Mənim də arxamda duran dövlətim var. Əvvəl-əvvəl hərə bir şey deyirdi, elə gördük, belə eşitdik. İndi hamını susdurublar, bazara girəndə adamlar məndən gen qaçır ki, birdən kimdənsə, nəsə soruşaram.
Qızımın telefonu bir gün sonra bazarın girəcəyindən tapılıb. İçində bir dənə də olsun Raminə aid yazışma, zəng yoxdur. Bilinir ki, silinib atılıb hamısı. İzahatlarında deyiblər ki, qızı çağırdıq, xeyli söhbət etdik, sonra intihar edəcəyini dedi. Xəyyam arxasından qaçıb, amma onu saxlaya bilməyib.
Kamera qeydlərinə görə, qızım onların yanına 18:36-da gedib. Elə həmin vaxt Xəyyam Nuranəyə zəng vurub, qızım açmayıb, ikinci dəfə 18:38-də isə telefonu açanda Lamiyənin intihar etmək istədiyini deyib. 18:42-də Nuranə bu kameranın qarşısından keçib və o çatanda artıq qızım yerdə idi. Deyirlər, özünü atıb. Müqavinət göstərdiyi üçün ayaq izləri də divarlarda qalıb, özünü atan adam elə çırpınar? Mən deməyim, özünüz baxın”.
Lamiyənin qohumları, bacısı Nuranə onun çox pozitiv, həyat dolu bir qız olduğunu qeyd edirlər. Bacısının uşaqlıqdan bu yana çəkilmiş fotolarını bir-bir göstərən Nuranə onun belə tez həyatdan köçməsini qəbul edə bilmir:
O, mənim kimi deyildi. Həyatı çox sevirdi, pul saxlamışdı ki, anama ad günü hədiyyəsi olaraq filmə aparsın. İncəsənəti çox sevirdi, gözəl əl işləri var, birlikdə nə qədər plan qurmuşduq, inanmıram ki, artıq o, yoxdur...”
Müstəntiq Üzeyir Həmidov məsələnin araşdırıldığını, hələlik konkret şəxlərin ittiham edilməsinin tez olduğunu bildirib:
“Cinayət işi başlanılıb, araşdırma aparılır. Çalışırıq ki, hər şey obyektiv olsun. Məsələylə bağlı hər hansı bir şərh vermək çox tezdir. Hər iki tərəf dindirilib, vəsatətlər alınıb və yaxın zamanlarda həqiqət üzə çıxacaq”.