Aprel şəhidimizin ailəsinə İCRA BAŞÇISINDAN HÖRMƏTSİZLİK - YENİLƏNİB

İcra başçısı şəhid atasının ittihamlarına cavab verdi
Zərdab rayonunun icra başçısı Lütvəli Babayev aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayevin ittihamlarına cavab verib.

L. Babayev qafqazinfo-ya açıqlamasında qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Nurlan Abdullazadənin atası Abdullayev Rasim Tapdıq oğlu Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən onun ailəsinin problemlərinin həllinə lazımi diqqət yetirilməməsi barədə ayrı-ayrı saytlar vasitəsilə müxtəlif yuxarı orqanlara müraciətlər edib:

"Rasim Abdullayevin müraciətində qeyd edilən fikirlərin heç bir əsası yoxdur, şantaj və böhtan xarakterlidir. Belə ki, şəhid ailəsi kimi Rasim Abdullayevin etdiyi bütün müraciətlərə Rayon İcra Hakimiyyəti tərəfindən diqqətlə yanaşılıb və qaldırdığı məsələlərin həlli üçün zəruri olan bütün tədbirlər görülüb. 2012-ci ildən Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, gizir Abdullazadə Nurlan Rasim oğlu 2016-cı ilin aprel ayında Tərtər bölgəsində gedən döyüşlərdə şəhid olub.

Şəhidin cənazəsi 5 aprel 2016-cı il tarixdə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndinə gətirilib və Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində minlərlə zərdablı, o cümlədən kənd sakinləri, gənclər, Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin nümayəndələri iştirak ediblər.

Şəhidin dəfn, 3, 7, 40 mərasimlərinin maliyyə xərcləri Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib. Onun məzar və məzarüstü daşlarının mərmərdən hazırlanması üçün ailəsi 5 min manat vəsait tələb etsə də, Rayon İcra Hakimiyyəti tərəfindən bu iş 2700 manat sərf edilməklə görülüb.

Şəhidin ailəsinə Müdafiə Nazirliyi və şəhidin xidmət etdiyi hərbi hissə tərəfindən 2 min, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və müxtəlif təşkilatların əmək kollektivləri tərəfindən 2 min manat dəyərində maddi köməklik göstərilib. Dövlət sığorta Şirkəti tərəfindən 11 min manat dəyərində hərbi qulluqçuların icbari sığorta məbləği ödənilib. Ədliyyə naziri tərəfindən ailəyə 300 manat dəyərində ərzaq məhsulları alınaraq verilib.

Şəhidin yaşadığı evə gedən 250 metr, həmin evdən qəbiristanlığa qədər olan 1100 metr yol təmir edilib.

Təhsil aldığı İsaqbağı kənd tam orta məktəbində Nurlan Abdullazadə barədə geniş məlumat guşəsi yaradılıb, mərmər lövhəyə həkk olunmuş böyük şəkli məktəbin həyətində yerləşdirilib. Rayonun məktəblərində və uşaq bağçalarında şəhidin həyatını və döyüş fəaliyyətini əks etdirən lövhələr təşkil edilib.

Böyük Dəkkə kəndində yaşadığı küçəyə şəhid Nurlan Abdullazadənin adı verilib.

Rasim Abdullayevin müraciəti əsasında onun ailə quraraq Zərdab rayonunun Təzəkənd kəndinə köçmüş qızı Nurlana Abdullayeva 01.04.2017-ci il tarixdə Rayon Mərkəzi Xəstəxanasında işlə təmin edilib və aylıq əmək haqqı 139 manatdır.

Rasim Abdullayevə şəhid atası olduğu üçün ayda 242 manat Prezident təqaüdü və 12 manat müavinət, 3-cü qrup Qarabağ müharibəsi əlilliyinə görə 92,41 manat məbləğində pensiya verilir.

Şəhid Nurlan Abdullazadənin doğum və anım günləri yüksək səviyyədə qeyd edilib, həmin tədbirlərdə Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin, gənclər və təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani iştirak etmiş, keçirilən tədbirlər müxtəlif qəzetlərdə və televiziya kanallarında, sosial şəbəkələrdə işıqlandırılıb.

26.12.2016-cı il tarixdə Zərdabda "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir" devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirində Abdullazadə Nurlan Rasim oğlunun atasına Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalı təqdim edilib".

İcra başçısının sözlərinə görə, görülmüş işlərə baxmayaraq şəhid atası Abdullayev Rasim Tapdıq oğlu Rayon İcra Hakimiyyəti tərəfindən onun ailəsinin problemlərinin həllinə lazımi diqqət yetirilməməsi barədə müxtəlif yuxarı orqanlara müraciətlər edib: "Həmin müraciətlərin səbəbi müəyyənləşdirilərkən məlum olub ki, ailənin əsas narazılığı onlar üçün yeni mənzil tikilməsi, rayonun İsaqbağı kənd tam orta məktəbinə övladları şəhid Nurlan Abdullazadənin adının verilməsi ilə bağlı etdikləri müraciətlərin müsbət həll olunmamasıdır.

Bildiririk ki, Rasim Abdullayev və şəhidin dayısı, 1-ci qrup Qarabağ müharibəsi əlili Qaroğlan Mustafayev 9 dekabr 2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qəbulunda olarkən Qaroğlan Mustafayevə yaxın vaxtlarda fərdi mənzil tikiləcəyi, Rasim Abdullayevin isə növbə əsasında mənzillə təmin olunacağı bildirilib. Rəsmi müraciət etdikdən sonra Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2016-cı il tarixli, 122 nömrəli sərəncamı ilə Abdullayev Rasim Tapdıq oğlu mənzil növbəsinə alınıb və bu barədə 30.12.2016-cı il tarixli, 01/977 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat göndərilib. Artıq Qaroğlan Mustafayev üçün fərdi mənzil tikintisinə başlanılıb.

Şəhid Nurlan Abdullazadənin adının rayonun İsaqbağı kənd tam orta məktəbinə verilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən Baş nazir Artur Rasi-zadəyə 13.10.2016-cı il tarixli, 01/757 nömrəli məktubla müraciət olunub. Lakin, şəhidin xidməti məlumatları Respublika Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 3.1.2 bəndinin tələblərinə cavab vermədiyinə görə müraciət öz müsbət həllini tapmayıb.

Növbədənkənar fərdi mənzil tikintisinə köməklik edilməsi barədə müxtəlif yuxarı orqanlara etdiyi müraciətləri nəzərə alınaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 28 mart 2018-ci il tarixli, 31 nömrəli sərəncamla komissiya təşkil olunaraq Rasim Abdullayevin mənzil-məişət şəraitinə baxış keçirilib, müvafiq akt tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Eyni zamanda mən 19.03.2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimova telefonla zəng etmişəm. Nazir Səlim Müslümova isə 30.03.2018-ci il tarixli, 01/270 nömrəli məktubla müraciət edərək Rasim Abdullayevə fərdi ev tikilməsinə köməklik edilməsini xahiş etmişəm".

Qeyd edək ki, şəhid atası mətbuata müraciətində ailəsinin yaşayışının yaxşı olmadığını, kiçik daxmada yaşadıqlarını məsələ ilə bağlı rayon icra başçısına müraciətlərinin cavabsız qaldığını və Böyükdəkkə kənd orta məktəbinə şəhidinin adının verilməsi məsələsinə müsbət yanaşılmadığını və məzarın üzərindəki bayrağın götürülməsinə etiraz etdiyini vurğulayıb.
***

Aprel şəhidimizin ailəsinə hörmətsizlik: "Oğlumun başdaşı üçün verilən 500 manatı icra başçısı əlimdən aldı"

Zərdab rayonu Böyükdəkkə kənd sakini şəhid atası Abdullayev Rasim Tapdıq oğlu tərəfindən elektron poçtumuza şikayət məktubu daxil olub.

Qlobal.az şikayət məktubunu olduğu kimi təqdim edir:

"Mənim oğlum 14 fevral 1994-cü il tarixdə anadan olmuş Nurlan 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. O hərbi xidməti Naxçıvanda edib. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə nümunəvi xidmətinə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi. Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm, ora xərcləyəcəm. İcra başçısı Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi. Bundan başqa icra başçsı mənim başıma qaxınc edir ki, sənə sizə nə köməklik edəcəm, oğlunun meyidini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir".

Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olduğunu qeyd edən şəhid atası daha sonra yazır:

"Qeyd edim ki, yoxsulluq həddində yaşayırıq. Evimiz çiy kərpicdəndir. Kasıb yoxsul komamızın təmirinə ehtiyac olsada köməlkilik edən yoxdur. Bizim ailənin yaşayışını gəlib görən olsa dəhşətə gələr. Böyükdəkkə kənd orta məktəbinə oğlum şəhid Nurlanın adının verilməsini istəyirik. Çünki oğlum həmin məktəbdə oxuyub. İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin. Zərdab rayon icra başçısı Lütvəli Babayev bu xahişimizi də rədd etdi. Lütvəli Babayev bizə düşmən gözü ilə baxır. O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı. Lütvəli Babayevi nə vətən, nə dövlət, nə də ki, şəhid maraqlandırmır. Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq oğlumun şəhid olması ilə fəxr edirəm. Lütvəli Babayev zərdablıların xatirində talançı, anormal icra başçısı kimi qalsa da, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının xatirində əbədi yaşayacaq. Biz bununla fəxr edib qürur duyuruq.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm gəlib bizim ailə vəziyyətimizi ev
şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz. Şəhidin adının əbədiləşdirilməsi üçün Böyükdəkkə kənd orta məktəbinə oğlum Nurlanın adını verəsiniz. 05 aprel 2018-ci il tarixdə Nurlanın şəhid olmasının ikinci ildönümünə bütün mətbuat nümayəndələrini dəvət edirəm. Xahiş edirəm gəlin şəhid Nurlanın valideyinlərinin yaşayışına baxın. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm".sonxeber.az
Aprel şəhidimizin ailəsinə İCRA BAŞÇISINDAN HÖRMƏTSİZLİK - YENİLƏNİBAprel şəhidimizin ailəsinə İCRA BAŞÇISINDAN HÖRMƏTSİZLİK - YENİLƏNİB
Aprel şəhidimizin ailəsinə İCRA BAŞÇISINDAN HÖRMƏTSİZLİK - YENİLƏNİB
Aprel şəhidimizin ailəsinə İCRA BAŞÇISINDAN HÖRMƏTSİZLİK - YENİLƏNİB