Son bir il ərzində ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin düzgün təşkili, səmərəli idarəetmənin təmin edilməsi və keyfiyyətin daha dayanıqlı olması məqsədilə müvafiq tədbirlərə əməl etməyən məktəb direktorları cəzalandırılıb.
Bakı Şəhər Baş Təhsil İdarəsindən unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə əmək və təhsil qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyəti ilə əlaqədar 2017-2018-ci tədris ilində müəyyən olunmuş hallar üzrə 3 müsəssisə rəhbəri barəsində əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə intizam tənbeh tədbiri tətbiq edilib, 7 müəssisə rəhbərinə isə xəbərdarlıq olunub.
Xatırladaq ki, bir neçə gün öncə təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi üçün Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya töhmət verilmişdi. Həmçinin direktora aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılmışdı.