Bərdə rayonu ərazisində toy karvanında avtomobil idarə edən sürücülər qaydaları kobud şəkildə pozublar. Əksər sürücülər avtomobilini əks yola çıxararaq sürüblər.
AzBaku.info "Xəzər TV"yə istinadən xəbər verir ki, bu görüntülər dünən günorta saatlarında Bərdədə çəkilib.
Rayonun Kətəlparaq kəndi ərazisindən rayon mərkəzi istiqamətinə gedən toy karvanındakı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozublar.
Kortecdə olan sürücülərin əksəriyyəti əks istiqamətə çıxıb və qarşıdan gələn avtomobillərin yolunu bağlayıb. Bununla da onlar digər avtomobillərin yoldan kənara çıxmasına da səbəb olublar.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burada sürücülər bir yox, bir neçə inzibati xəta törədiblər. Onlar bu hərəkətləri ilə təkcə öz həyatları üçün yox, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradıblar
Ekspert vurğulayıb ki, toy kortecində avtomobil sürmək sürücülərə əlavə səlahiyyətlər vermir.
Ona görə də, sürücülər bu məsuliyyəti dərk etməli, özlərinin və digərlərinin həyatını təhlükəyə atmamalıdırlar
Bu sürücülər pozduqları qayda pozuntusuna görə 4 bal və 100 manat məbləğində cərimə olunmalıdırlar.