İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin nəzərinə: mətbuata təzyiq etməyin, əksinə təqdim edilənlərdən nəticə çıxarın

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı məqaləsində qeyd edilib: Öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik." Əslində hörmətli akademikin məqaləsindəki bu qənaət göstərir ki, ali siyasi hakimiyyətin yerlərdəki məmurların fəaliyyəti barədə dəqiq və qüsursuz məlumatlarının olması şübhəsizdir. Məsələnin ən qəribə tərəfi isə cənab Prezidentin əyalətlərdəki təmsilçilərinin hələ də əməllərini ciddi cəhdlə gizlətmək istəmələri, həqiqəti deyib və yazanlara qarşı müxtəlif vasitələrlə hücuma keçmək cəhdləri davam etməkdədir. İmişli rayon İcra Hakmiyyətinin başçısı Vilyam Hacıyevdə həqiqəti eşitmək istəməyən dövlət məmurlarındandır.

Ötən gün İmişlidəki mənbədən BakuNews.az-a daxil olan məlumata görə bir neçə gün öncə, yəni Prezident seçkisi öncəsi dərc etdiyimiz: "Vilyam Hacıyev seçkilərə bu şəxslərlə gedir – Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsinin rəisi Qasım Qasımov" - adlı məqalədə yer alan faktlardan ciddi narahatlığını ifadə edib. Məlumatı verən mənbə qeyd edir ki, illərlə müxtəlif rayonlarda icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Vilyam Hacıyev cənab Prezidentin sədrliyi ilə keçirilən Bərdə müşavirəsində, ölkə başçısının kəskin tənqidinə məruz qaldıqdan sonra yeni komanda da yer almayacağını düşündüyü üçün öz aləmində bəzi gedişlər etməyi planlaşdırır.

Belə ki, adının mənf istiqamətdə hallandığı yazıların silinməsi istiqamətində mediaya təzyiq metodunu seçən Vilyam Hacıyev, Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsinin rəisi Qasım Qasımovunda qarşısına şərt qoyub: "Ya dərc edilmiş məlumatı sildir, ya da məhkəməyə müraciət et. Əks halda..." Xatırladaq ki, hər bir dərc edilmiş məlumatın sonunda "Redaksiya yazıda adı çəkilən təşkilat və ya şəxslərində mövqelərini dərc etməyə hazırdır" cümləsni qeyd edilir. Yəni KİV haqqında Qanuna da əsaslansaq, hər br dövlət qurumu və ya məmur mətbuata istər özü, istərsə də, rəhbərlik etdiyi qurum haqqında məlumat verməyə sadəcə borcludur. Bəs elə isə vəzifə olimpindən düşməsi ehtimal olunan bir məmur - konkret İmişli rayon İcra Hakimiyyətinn başçısı Vilyam Hacıyev nədən bu Qanuna məhəl qoymur? Əvvəla onu da qeyd edək ki, cənab Hacıyev bizim məhz bu gündən başlayacağımız araşdırmalarımızla bağlı ilk sualımıza cavab versin: Ötən ilin martın 8-də öz 50 illik yubileyini cənab Prezidentin müvafiq tapşırığına məhəl qoymadan, paytaxtın ən prestijli restoranında - ALTUN-da qeyd edən İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovla bağlı hansı tədbiri gördünüz?

Cənab Prezident: "Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr - bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir" – tapşırığını verərkən harada idiniz cənab Vilyam Hacıyev.

Bəyəm mətbuatın İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovla bağlı təqdim etdiyi video-fakt sizi qane etmədimi?


Necə ola bilər ki, rəhbərlik etdiyiniz rayondakı ayrı - ayrı dövlət qurumlarının fəaliyyətindəki neqativ hallarla bağlı sizə müraciət edən şikayətçilərə: "Onlar İmişli rayin İcra Hakimiyyətinə tabe deyillər. Tabe olduqları qurumlara müraciət edin" - deyə yaxanızı qırağa çəkirsiniz, lakin faktlar təqdim ediləndə hədə - qorxu siyasətinə keçirsiniz? Əgər Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsinin rəisi Qasım Qasımov haqqındakı məlumat sizi narahat etdisə, bəs nədən İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovla bağlı təqdim etdilənlərdən narahat olmadınız? Nizami Məmmədovun tələbə oğlunun şahzadələrə xas yaşam tərzini yaradan maddi səbəbi atasından soruşdunuzmu Vilyam Hacıyev? Bir neçə yüz manat dövlətdən əmək haqqı alan atanın, heç bir yerdə işləməyən, paytaxtda villada yaşayan oğlu necə özünə bu cür əyləncələr təşkil edə bilir? Bir əyalət məmurunun oğlu necə ölkənin beynəlxalq tədbirlər keçirdiyi Olimpiya satadionunun qarşısındakı meydançada avtoşluq edir? Axı bununla da bağlı video - fakt sizə mətbuat vasitəsilə təqdim edilib. Və ya İmişli İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayevlə bağlı təqdim edilən video - fakta münasibətinz necə oldu? Nədən mətbuata bu biabırçılıqla bağlı rəsmi məlumat verməyə borclu olduğunuz halda susdunuz? Biz bilirik. Axı məlumatı necə verəydiniz? Əvvəla məlumat sizdən günlərlə gizlədilmişdi. Bu fakt bir rəhbər üçün müsbət hal deyil. Deməli... İkincisidə məhz mətbuata məlumatı verməli olan şəxs azyaşlı məktəblilərin qarşısında əcaib rəqs etməsinə baxmayaraq, onları axşam dikotekaya da dəvət etmişdi. Belə olan təqdirdə nə deyilməli idi? Bağışlayın nə qədər ki, İmişliyə Vilyam Hacıyev rəhbərlik edəcək, mən və mənim kimilər məhz belə utanc gətirəcək hallardan hələ çox edəcəyik. Szi elə bilirsiniz ki, Ziya Paşayevə verdiyiniz şiddətli töhmət rəqqas sektor müdirinizin tərcümeyi halını təmizlədimi? Əsla. Cənab akademikin məqaləsini birdə oxuyun hörmətli Vilyam Hacıyev: "Öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik."



Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən təşkilat və ya şəxslərində mövqelərini dərc etməyə hazırdır