Ölkə prezidenti İlham Əliyevin son sərəncamı ilə yeni təyinat alan hökumət üzvləri arasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası və “Avronest” Parlament Assambleyalarındakı nümayəndə heyətinin üzvü Rövşən Şükür oğlu Rzayev də var.
AzBaku.ifo -nun xəbərinə görə, ixtisasca hüquqşünas olan 56 yaşlı R. Rzayev prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, həmin vəzifəni son günlərə kimi baş nazirin müavini və hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov icra edirdi.
Bundan sonra Ə. Həsənov sadəcə, baş nazirin müavini vəzifəsini icra edəcək.
Onu da qeyd edək ki, R. Rzayev parlamentin ən fəal deputatlarındandır.
O, həm də “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü kimi xalq diplomatiyası ilə məşğul olur.
Eyni zamanda, R. Rzayev tanınmış bir ailənin övladıdır.
Atası Şükür Rzayev uzun illər prokurorluq oqranlarında yüksək vəzifələrdə çalışıb.
Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə Sumqayıt və Bakı şəhərlərinin prokuroru olub.