Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinin sürətləndiriləcəyini və stansiyaların sayının artırılacağını bildirib.
Görüləcək işlərlə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hazırda bir neçə metro stansiyasının tikintisi davam etdirilir:
"Hazırda paytaxtın Ceyhun Səlimov küçəsindəki "Bənövşəyi xətt" üzrə şərti adı "B3" olan metro stansiyası, "Xocahəsən" Elektrik Deposu, "Avtovağzal" stansiyasından "Xocahəsən" Elektrik Deposuna gedən tunel və "Həzi Aslanov-2" stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci "B3" stansiyası istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq".
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, stansiyanın bu il istifadəyə verilməsi gözlənilmir:
"Ən birinci açacağımız "B3" metro stansiyasının bu il istifadəyə verilməsi gözlənilmir. Əgər işlər qaydasında davam edərsə, stansiya gələn il istifadəyə verilə bilər".
Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.