Lənkəranda Vel kənd bələdiyyə sədri Rəyasət İmanovun ölkə Prezidentinin siyasətinə kölgə salmasına göz yumulur

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın daxili siyasətdə müəyyən etdiyi əsas prioritetlərdən biri də, təhsil siyasətinin mükəmməl icrasıdır. Təsadüfi deyil ki, son on ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkədə istər orta ümumtəhsil məktəblərinin, istərsədə körpələr və uşaq evlərinin yenidən qurulması, inşası ilə bağlı yüzlərlə proqram icra edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin "biz bundan sonra kapitalı Azərbaycan insanına yatırmalıyıq" - deyimi təsadüfi deyil. Cənab Prezident ölkənin gələcək inkişafını məhz sağlam, təhsilli vətəndaş yetişdirməkdə görür. Lakin təəssüf edirik ki, bəzi əyalətlərdə rayon rəhbərliyinin sadəcə laqeyidliyi sayəsində ölkənin gələcəyi olan körpələrin sabahkı taleyini şübhə altına qoyan məmurlar hələ də vəzifələrinin başındadırlar. Lənkəran şəhər Vel kəndində baş verən nəinki qanunsuz, hətta cinayət xarakterli hadisələr belə yuxarıda qeyd edilənlərin əyani sübutudur. BakuNews.az-a Lənkərandakı mənbədən daxil olan məlumata görə rayonun Vel və Siyavar kənd bələdiyyəsinin sədri Rəyasət Xalid oğlu İmanovun özbaşınalığı artıq pik həddə çatıb. Xatırladaq ki, kənd sakinlərindən bir qrupu bu şəxsi uzun illərdir kənddə fəaliyyət göstərən uşaq bağçasının yandırılmasında ittiham edirlər. Kənd sakinləri iddia edirlər ki, Vel kənd bələdiyyəsinin sədri Rəyasət İmanovun fəaliyyətinin əsasını vəzifəsindən istifadə etməklə dövlətə və bələdiyyəyə məxsus əmlakları və torpaq sahələrini satmaqla var-dövlətinin miqdarını artırmaqdır. Belə ki, Nina adlı xanımın BakuNews.az-a bildirdiyinə görə bu şəxsin qanunsuz əməlləri ilə bağlı müvafiq orqanlara dəfələrlə müraciət edilsə də, Rəyasət İmanovla bağlı hər hansı tədbir görülməyib. Bu da onu göstərir ki, bələdiyyə sədrinin özbaşınalığı səbəbsiz deyil. Onun rayon rəhbərliyi tərəfindən müdafiyə edilməsi artıq kimsəyə sirr deyil.

Mənbənin bildirdiyinə görə Vel kəndinə məxsus torpaq sahəsinin bir sotu bazar qiyməti ilə təxminən 20-25 min manatdır. Torpaq sahəsinin bir sotunun əyalətdə bu qədər baha olması həmin ərazilərin dəniz kənarında yerləşməsi və turizm üçün əhəmiyyətli hesab olunmasıdır. Xatırladaq ki, Vel kəndində fəaliyyət göstərən uşaq bağçasına məxsus ərazi bir zamanlar təxminən 2 ha olsada, son vaxtlar kənd bələdiyyə sədrinin "fəaliyyəti" nəticəsində həmin ərazi 40 sota qədər azalmışdı. Kənd sakinlərinin bildirdiyinə görə Vel kənd bələdiyyəsinin sədri Rəyasət İmanov bir neçə dəfə bağçada çalışanlara "30-40 uşağa görə bu qədər ərazini "zanit etmisiniz" deyib. Lakin unudur ki, həmin 30 - 40 uşağın içərisindən gələcəkdə ölkənin, millətin tleyin həll edəcək şəxsiyyətlər yetişə bilər. Mənbə əlavə olaraq onu da qeyd etdi ki, bağça ərazisinə Rəyasət İmanov bir neçə dəfə tanımadıqları şəxslərlə gəlib və onlara ərazini göstərib. Həmin "təqdimatdan" qısa müddət sonra ilkin rəyə əsasən guya qısaqapanmadan bağça yanıb. Lakin bu "ilkin rəyi" hər hansı dövlət qurumu verməyib, sadəcə bağçanın gözətçisi verib. Sual olunur bəs yanğın zamanı gözətçi nədən ilkin müdaxilə etməyib? Axı gecə gözətçilərinin işi səhərə qədər mühafizə etdikləri müəssisələrin təhlükəsizliyini təmin etməkdir. Yox əgər cavab "mən yatmışdım" olacaqsa, nədən aidiyyatı qurumlar səhlənkarlıqla bağlı işləmələrə başlamayıblar? 07.04.2018-ci il tarixdə, gecə saatlarında tamamilə yanaraq yararsız hala düşən bağça ilə bağlı Lənkəran şəhər Yanğından Mühafizə İdarəsi və ya başqa qurumlar nədən dövlət əmlakına bu qədər laqeyd münasibət bəsləyirlər? Və ya Lənkəran şəhər İcra Hakimiyyətinin rəhbərliyi baş vermiş hadisə ilə bağlı aidiyyatı orqanlardan hər hansı hesab sorubmu? Bəyəm cənab Taleh Qaraşovun ölkə Prezidentinin və Birinci vitse-Prezidentin ölkənin gələcək inkişafına yönəlmiş siyasətdən xəbəri yoxdurmu? Axı bir kəndin bələdiyyə sədrinin ölkə Prezidentinin yürütdüyü siyasətə kölgə salmasına necə göz yummaq olar? Kim Rəyasət İmanova bu cəsarəti verib? Əgər yuxarıda qeyd edildiyi kimi Vel kəndində fəaliyyət göstərən uşaq bağçasının ərazisi 2 ha-dan, 40 sota qədər endirilibsə, o zaman rayon rəhbərliyinin və digər aidiyyatı orqanların bilavasitə borclarıdır ki, məsələ ilə bağlı ciddi araşdırmalara başlasınlar. Bu məsələ ilə bağlı cənab Taleh Qaraşovun məsələdən "mənim xəbərim yoxdur" demək şansı da yoxdur. O halda bəs Vel kənd üzrə nümayəndənin işi nədən ibarətdir cənab Qaraşov? Və ya Lənkaran şəhər İcra Hakimiyyətinin Vel kənd üzrə nümayəndəsi kənddə fəaliyyət göstərən və hal - hazırda yanmış vəziyyətdə olan uşaq bağçasının təxminən iki ay öncə satıldığını bilirmi? Əgər bilmirsə...

Mövzuya qayıdacağıq.

Növbəti saylarımızda:
1. Toxumçuluq anbarları hansı məqsədlə və kimin planına uyğun olaraq satılıb?
2. Kənd Təsərrüfatı nazirliyinin bu alqı - satqıdan xəbəri varmı?
3. Mədəniyyət nazirliyinin balansında olan inzibati binanın satılması göstərişini kim verib?
4. Lənkəran şəhər İcra Hakimiyyətinin Vel kənd üzrə icra nümayəndəsi əraziyə nədən nəzarət edə bilmir?
5. Kənd icra nümayəndəsi Rəyasət İmanovdan qorxurmu?
6. Kənd icra nümayəndəsinin vəzifəsini nədən Rəyasət İmanov qeyri - rəsmi şəkildə icra edir?
7. Rəyasət İmanov bələdiyyə sədridir, yoxsa...?
Redaksiya yazıda adı çəkilən təşkilatların və ya şəxslərində məsələ ilə bağlı münasibətlərin dərc də bilər.

BakuNews.az