29 aprel 2018-ci ildə DSX əməkdaşlarının sayıqlığı və peşəkalığı sayəsində dörd nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
DSX-dən Oxu.Az-a verilən məlumagta görə, hadisə Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Həmin tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozarkən dörd sərhəd pozucusu saxlanılıb.
Araşdırma zamanı Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hindistan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəllüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilib.
Sərhəd pozucularının üzərinə baxış zamanı iki ədəd mobil telefon, dörd ədəd pasport, iki ədəd simkart, üç ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pakistan rupisi aşkar olunub.
Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələrinə getmək məqsədilə dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə keçməyə cəhd göstərmələri müəyyən edilib.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib.