Son vaxtlar ölkəmizə gələn əcnəbi turistlərlə bağlı tənqidi fikirlər səsləndirilir. Xüsusən də, ərəb ölkələrindən gələn qonaqların paytaxtda özlərini normal aparmadıqları, qeyri-etik qavranışlara yol verdikləri bildirilir.
Milli Məclisin deputatı Tahir Kərimli ötən gün keçirilən komitə iclasında qonşuluğunda yaşayan ərəblərdən şikayətlənib.
Deputat deyib: "Turistlələrin ölkəmizə gəlməsi müsbət haldır. Amma elə şeyləri var ki, diqqətdə saxlanılmalıdır. Qonşuluğumuzda ərəblər kirayə evlərdə qalır, əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar. Oraları çox pis vəziyyətə çeviriblər".
T.Kərimli, həmçinin masaj salonlarının fəaliyyətindan şikayətlənib: "Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalı, ciddi nəzarət edilməlidir. Milli mənəvi dəyərləri qorumalıyıq".
Millət vəkili Fəzail Ağamalı çıxışında həmkarının mövqeyini dəstəkləyib. O bildirib ki, qanun çərçivəsində bu cür halların qarşısını almaq lazımdır: "5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik".
Deputatların şikayətlərinə münasibət bildirən Azərbaycan Turizm Assosasiyasının sədri (AzTA) Nahid Bağırov AzVision.az-a bildirib ki, ölkəmizə gələn turistlərlə bağlı onlara hər hansı şikayət daxil olmayıb. O deyib ki, turistlər, xüsusilə ərəblərlə bağlı şikayətlər ancaq sosial şəbəkələrdə səsləndirilir.
"Bu yaxınlarda eşitdim ki, hansısa turist əlində 50 dolları yellədərək gəzirmiş. Ərəb turistlərlə bağlı belə şikayətlər eşitmişik. Amma başqa hər hansı şikayət eşitməmişik və bizim qurumu belə məlumat daxil olmayıb. Sosial şəbəkələrdə ərəb turistlərin çox olması və özlərini düzgün aparmamaları barədə eşitmişik. Turistlərdən şikayətlərin olması normal şeydir, hər ölkədə belədir. Bu, o demək deyil ki, ölkəmizə ən yaxşı turistlər gəlməlidir. Turistin yaxşısı da var, pisi də. Turist turistdir. Heç bir turistik ölkə deyə bilməz ki, "bizdə hər şey şəffaf gedir". Avropanın bir çox ölkələrində turist adı ilə nə qədər oğru fəaliyyət göstərir. Camaatın çantasına girib pullarını oğrayırlar. Dəfələrlə Azərbaycan vətəndaşları əllərində olan vəsaitləri oğradıblar".
N.Bağırov qeyd edib ki, ilk növbədə turistlərin üzləşdikləri problemi həll etməliyik: "Gəlin, birinci növbədə turistlərin burada qarşılaşdıqları problemləri həll edək, sonra turistlərin özlərini düzgün aparmamasına baxaq. Bizim taksidən başlayarq "N" qədər problemlərimiz var. Bunu düzəltmək qadirindəyik, amma turistin burada davranışını düzəltmək çətin məsələdir. Azərbaycana uçuş və səfər zamanı turistə təlimat keçmək praktikada yoxdur. Bunun qabağını almaq çətin məsələdir. Bakıda gecə klubları, masaj salonları var ki, əxlaqsızlıq yuvalarıdır, onları bağlamaq lazımdır".
AzTA sədri bildirib ki, ölkəyə gələn turistlərdən "qara siyahı"ya düşən yoxdur: "Bəzi yerli turizm şirkətləri "qara siyahı"mıza daxil edilib. Onlar yerli turistləri xarici səfərlər zamanı aldadıblar. Lisenziyaların ləğvindən istifadə edən dələduzlar özlərinə 1-2 günlük şirkətlər açır, vətəndaşlarımızı aldadırlar. Yay mövsümünün ortasından başlayaraq belə dələduzlar yenidən peyda olacaqlar. Müştəri yığmaq üçün özlərinin ziyanına işləyən tur paketlər təşkil edəcəklər. Iyulun, avqustun ortalarında isə pulları yığıb qaçacaqlar". Sonxeber.az