Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olarkən dünyasını vaxtsız dəyişən Kamran Babazadənin parlaq xatirəsinə ithaf olunmuş “19-cu bahar” kitabı və "Kamran həsrətli" klipin təqdimatı bu ilin aprel ayının 5 -i onun oxuduğu universitetdə və 19 aprel isə Beynəlxalq Mətbuat Mərkəzində keçirilmişdir.
Qeyd edim ki, Kamran Babazadə təhsili ilə paralel olaraq musiqi, aktyorluq və idmanla da məşğul olmuş və idmanın karate növü üzrə daim məşqlərə getmişdir. Vaxtı ilə Kamranın məşqçisi olmuş karate üzrə idman ustası Təbriz Bağəliyevin təşəbbüsü ilə mərhum tələbəsinin adını əbədiləşdirmək üçün məşq etdiyi karate klubunu onun adına əbədiləşdirmişdir. Belə ki, məşq etdikləri idman zalı Kamranın adına verilərək Azərbaycan Respublikası Karate Federasiyası “Kamran Babazadə karate klubu” olmuşdur.
Mayın 6-sı “Kamran Babazadə karate klubu”nun təntənəli açılışı oldu. Açılışı giriş sözü ilə açan karate üzrə idman ustası Təbriz Bağəliyev Kamranla keçdiyi məşqlərdən və onunla bağlı xatirələrindən danışdı. Sonra isə Kamran Babazadənin anası “Turan xəbər.az” saytının icraçı direktoru Mailə Kamran çıxış edərək klubun yaradıcılarına və gələn qonaqlara öz təşəkkürünü bildirdi. Ardınca Kamranın universitet müəlliməsi olmuş Təranə xanım Əliyeva çıxış edərək bu idman klubunun yaradılmasının təqdirəlayiq olduğunu vurğuladı. Musiqili qonaqlar qismində dəvət alan müğənnilərdən Zamiq Quliyev, Rza Zaman, Kəmalə Vahabzadə, Şadi Səhrab və Elşad Qarabağlı sürətli alqış sədaları altında bir-birindən rəngarəng və gözəl mahnılarla çıxış etdilər. Daha sonra isə yeniyetmə karateçilər arasında döyüş yarışları keçirildi. Yarışda iştirak edən idmançılar Azərbaycan Respublikası Karate Federasiyası Kamran Babazadə karate klubu tərəfindən xüsusi diplom və medallarla təltif olundular.