ir neçə gündür, sosial şəbəkələrin gündəmini Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi xəbəri zəbt edib.
“Diaspor.az” xəbər verir ki, Ağadadaş Kərimov təşkilatın iclasını çağırıb və yeni qohumluq əlaqəsi ilə fəxr etdiyini bildirib.
Kərimov bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarının ona aidiyyatı yoxdur. Eyni zamanda diaspor sədri toyda iştirak edə bilmədiyi üçün təəssüfləndiyini bildirib:
“Təəssüf edirəm ki, toyda olmamışam. Mən ailəmi heç vaxt tək qoymaram. Azərbaycan şəhidləri mənim üçün canlarını verməyiblər. Bu torpaqlar da mənim deyil. Mən əslən Qarabağdan da deyiləm. Bu torpaqları mən müdafiə etməli deyiləm. Qoy özləri müdafiə etsinlər. Mən Rusiya vətəndaşıyam, Qarabağı qarabağlılar müdafiə etsin”.
Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızını erməni biznesmenə ərə verib. Toydan fotolar sosial şəbəkələrdə yayılıb.
Saytlar toyun Moskvada yerləşən erməni iş adamına məxsus restoranların birində baş tutduğunu desə də, Ağadadaş Kərimov bunu inkar edib. Deyib ki, toy mərasimi azərbaycanlıya məxsus şadlıq sarayında baş tutub, Azərbaycan rəqsləri, mahnıları ifa olunub.
Toy mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.
Diaspor sədri isə o vaxt xəbəri təsdiqləmişdi. Bildirmişdi ki, yayılan xəbərlər doğrudur və özü qızını erməni milliyətindən olan şəxsə ərə verdiyinə görə heç də peşman deyil:
“Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar”, – deyə Ağadadaş Kərimov bildirib.
O deyir ki, 35 ildən çoxdur, Rusiyada yaşayır. Övladları da burada anadan olub, böyüyüb. Lakin, tez-tez Azərbaycana gedirlər.