Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, gələnlərin 28,3%-i Rusiya Federasiyası, 21,9%-i Gürcüstan, 13,4%-i İran, 11,3%-i Türkiyə, 4,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2%-i Ukrayna, 1,9%-i İraq, 16,5%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 66,8%-ni kişilər, 33,2%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 22%-i yanvar, 19,6%-i fevral, 32,7%-i mart, 25,7%-i isə aprel ayında ölkəyə gəlib.
Cari ilin yanvar-aprel aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 1,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,2 dəfə artıb.
İrandan gələnlərin sayında 5,4% azalma müşahidə edilib.