Dünən gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib.
Prokuror L.İsrafilovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi iyunun 8-nə təyin edilib.
İttihama görə, 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolarkən L.İsrafilova uşağı həyətdən qovub. F.Mustafazadə qadından qorxaraq qaçıb həyət darvazasından çıxarkən küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
L.İsrafilovanın barəsində həbs qətimkan tədbiri seçilməyib./trend