Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bakunews.az report-a istinadən xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Rəhimovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı şəhər prokurorluğunun və şəhər Baş Polis İdarəsinin ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Belə ki, ötən ilin noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee" markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, "Xırdalan Xəz" ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə "Yeganə" şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.