Uşaqların intiharına səbəb olan “Mavi Balina” oyununun qurucusu həbsdə olsa da, istifadəçilərə təlimatlar gəlir.
AzBaku.info Ölkə.Az”a istinadən xəbər verir ki, oyunun təriqət kimi müridlər tərəfindən idarə edildiyi üzə çıxıb.
Məlum olub ki, təlimatları bir mürid göndərir və başqa müridlərə təlim keçir.
Rusiyanın “Vkontakte” sosial şəbəkəsində üzə çıxan bu oyun qısa müddət ərzində digər sosial şəbəkələr vasitəsilə bütün dünyaya yayılmışdı. “Mavi Balina” oyununda istifadəçilərə hər gün bir təlimat verilirdi. Özünə xəsarət yetirmə kimi müxtəlif işgəncə üsullarından ibarət təlimatların sonuncusu 50-ci gün verilir və istifadəçidən intihar etməsi tələb edilirdi.
Təkcə bir il ərzində Rusiyada 130 uşaq intihar etmişdi.
Oyunun qurucusu 22 yaşlı Filipp Budeykin ötən il Rusiyada 16 uşağın intiharında ittiham edildi və 3 il həbs cəzasına məhkum edildi. Amma Filipp həbsdə olduğu müddət ərzində də oyun istifadəçiləri təlimat almağa davam edirdilər. Mesajları rus poçt işçisi İlya Sidorovun göndərdiyi məlum olub. 33 yaşlı Sidorov həbs edildi. Buna rəğmən təlimatlar yenə davam edirdi.
Rus polisi bir neçə gün əvvəl təlimatları göndərən 22 yaşlı Nikita Nearonovu da həbs edib. Nearonovun Filipin “tələbəsi” olduğu, həbsdə olan Budeykinin başqa tələbələri də olduğu üzə çıxıb.