Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonu ərazisində ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzBaku.info FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KAMAZ” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış qadın cəsədi (şəxsiyyəti məlum deyil) deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatıb.
Qəza əticəsində BMW minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb.
APA ölənlərin kimliyini müəyyən edib. Qəza nəticəsində BMW sürücüsünün həyat yoldaşı 1980-cı il təvəllüdlü Əliyeva Səmayə Məmməd qızı, qardaşının həyat yoldaşı Əliyeva Xatirə Kamil qızı və qardaşı oğlu 2005-ci il təvəllüdlü Əlizadə Rizvan Süleyman oğlu ölüb.
Qəza nəticəsində 1975- ci il təvəllüdlü Əliyev Müşviq Əliqardaş oğlu, 2012-ci il təvəllüdlü Əlizadə Ömər Müşviq oğlu, 2008-ci il təvəllüdlü Əlizadə Nərmin Müşviq qızı, 2009-cu il təvəllüdlü Əlizadə Əliqardaş Müşviq oğlu xəsarət alıblar.
Ölənlərdən birinin cəsədi deformasiyaya uğramış avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.
Məlumata görə, qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmışlar.
Onların hamısının yaxın qohum olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.