İmişli şəhər, Nəriman Nərimanov küçəsi ev 1-də yaşayan Səmədov Gülməmməd Səməndər oğlunun iddiası əsasında mətbuatın dərc etdiyi “Ramil Usubovdan soruşun...-vətəndaş sorğusu” başlıqlı araşdırma olduqca diqqətçəkici idi. Xatırladaq ki, Gülməmməd Səmədov iddia edirdi ki, İmişli rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Habil Ağayevin bir böyrəyi yoxdur. Əslində bu sensasiya yaradan hal deyil. Müsir tibb insanı müəyyən orqanlarından biri olmadan da yaşamasına müəyyən zaman kəsimində kömək edə bilir. O cümlədən də böyrəklərdən birinin fəaliyyətinin itirməsinə və ya olmamasına. Lakin bir daha xatırladaq ki, Habil Ağayev mülki vətəndaş deyil. O İmişli rayon polis şöbəsinin rəis müavinidir. Polis zabitidir. Vətəndaş aidiyyatı strukturlara uzun müddət gizlədilmiş sirri açır. Bəli vətəndaşın iddiası dövlət sirri deyil. Lakin dövlətin təməlinə ziyan vura biləcək “sirrdir”. Nədən ki, dövlət onun idarə edilməsində iştirak edən şəxsin yalan informasiyasından da ziyan görə bilər. Əslində Conflict.az olaraq təkrar bu mövzuya qayıtmağımız da dövlətə məhəbbətin nümunəsidir. Ən azından həqiqət üzə çıxa bilər. Axı Gülməmməd Səmədov mətbuata informasiyanı verərkən məhz özü söyləmişdi ki, “Əgər bu iddiam əsassızdırsa, Azərbaycan Respublikasının qanunları ilə böhtan atdığıma görə cavab verməyə hazıram.” Deməli adam yalan məlumata görə onu gözləyən cəzaya da hazırdır. Bəs elə isə Polis Haqqında Azərbaycan Respublikası Qanununun tələblərini kim və ya kimlər, nə üçün, nəyin müqabilində pozurlar?
Düzdür Habil Ağayev polis zabitidir. Azərbaycan polisi ölkə vətəndaşlarının dostudur. Lakin ölkə qanunlarla idarə edilir. Habil Ağayevin ömür boyu polisdə xidmət etməsi kimi bir şərt yoxdur. Elə isə…
Oxucuların nəzərinə çatdıraq ki, Polis haqqında Azərbaycan Respublikası qanununun IV fəsilində, “Polisdə xidmət keçmənin əsasları”nda deyilir:
I. Polisdə xidmətə ... sağlamlıq vəziyyətinə ... görə ... Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
II. Polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.
Axı böyrəyinin biri olmayan insan tam sağlam hesab edilə bilməz. Görəsən Habil Ağayevin sağlamlıq vəziyyətini polisdə xidmətə kim və ya kimlərsə necə “uyğunlaşdırırlar” Rəsmi sənədin saxtalaşdırılması cinayət tərkibi yaradır. Polis zabitinin və ya həmin polis zabitinə sənəd verən şəxsin bunu bilməməsi absurddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, maddə 320-də deyilir:
- Rəsmi sənədləri, … qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə;
320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma…;
— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə;
— iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya səksən saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göründüyü kimi saxta sənədi verən və ondan istifadə edənin əməlində cinayət tərkibi var. Bəs əgər Gülməmməd Səmədovun iddiasının doğruluğu təsdiq edilərsə..? O halda İmişli rayonunun keçmiş, Lerik rayonunun isə indiki polis rəisi Ayaz Cəfərovun, Beyləqan rayonunun keçmiş, İmişli rayonunun isə indiki polis rəisi Füzuli Şıxəliyevin cənab nazirə verəcəkləri cavab maraqlıdır. Lakin göründüyü kimi iddiadan kifayət qədər zaman keçsə də, hələ də İmişli RPŞ-nin rəis müavini Habil Ağayevlə bağlı araşdırmaya start verilməyib. Görəsən səbəb nədir? Və ya…
P.S.Conflict.az Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən yaxın günlərdə DİN-ə sorğu ilə müraciət etməyi planlaşdırır. Oxucuların diqqətinə çatdıraq ki, həmin maddədə deyilir.
- Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.
İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.