Bakı sakini, 3-cü sinif şagirdi Fərid Rüstəmli prezident İlham Əliyevə məktub yazıb.
azbaku.org qaynarinfo istinadən xəbər verir ki, məktəbli dövlət başçısından ictimai nəqliyyatda şagirdlərdən gedişhaqqı alınmamasını xahiş edib.
Həmin məktunu dərc edirik:
"Çox hörmətli prezidentimiz, məktəbli salamımı qəbul etməyinizi xahiş edirəm. Hər dəfə sizi televizorda görəndə sevinir, fəxr edirəm. Sizin hər bir sözünüzü alqışlayıram. Yaxşı rəhbərsiniz. Sizin vaxtınızda şəhərimiz çox gözəlləşib. Yeni yollar çıkdirir, məktəblər tikdirirsiniz. Bizim yaxşı oxumağımız üçün hər bir şərait yaradırsınız. Amma bunu bəzi əmilər, dayılar başa düşmürlər.
Yeni dərs ilinin ilk günündən çətinliklərlə üzləşməli oldum. Avtobusdakı gediş haqqı məni məyus etdi. Biz ailədə 3 nəfərik, anam, qardaşım, bir də mən. Qardaşım da beşincidə oxuyur. Atamı itirəndə iki yaşım olardı. O, gecə yatdı, səhər oyanmadı. Ailəmizi anam dolandırır. Biz hər gün evdən bir çıxır, bir də qayıdırıq. Gündə avtobusa 1,8 manat pul veririk. Bizim kimi belə ailələr bəlkə də yüzlərlədir. İmkanlıların uşaqları məktəbə şəxsi maşınla gəlib-gedirlər. İmkansız uşaqları isə avtobusdan istifadə edirlər. Şəhər məktəblərində oxuyan şagirdlərdən gediş haqqı alınmasa, yəqin bu ölkəmizin büdcəsinə təsir etməz.
Çox hörmətli prezidentimiz. Bəlkə lazımi adamlara göstəriş verəsiniz, biz şagirdlər barədə də bir şey fikirləşsinlər. Bir şagird kimi mənim xahişimi nəzərə almağınızı xahiş edirəm"