Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin Gülüstan qəsəbəsində vətəndaşlarla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, “Açıq mikrofon” şəraitində keçən görüşdə 60-dan artıq sakinin şikayət və təklifi dinlənilib. Çoxmərtəbəli binaların dam ortüklərinin yenilənməsi və fasadlarının təmiri, uşaqların asudə vaxtının səmərəli təşkili üçün binaların həyətlərində oyun meydançalarının yaradılması, ara küçələrin asfaltlanması kimi məsələlər müraciətlərin əsasını təşkil ediblər.
Sakinlərə məlumat verilib ki, çoxmərtəbəli binaların dam örtüklərinin dəyişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Gəncənin əsas və ara küçələrinin asfaltlanması da gündəmdədir və bu iş mərhələli şəkildə həyata keçiriləcək. Görüşdə səsləndirilən bir çox problemlər yerindəcə öz həllini tapıb. Bir sıra müraciətlər isə araşdırılması üçün qeydiyyata alınıblar.