Bakılı gözəl kişilərə inanmır, ona görə də nikah layihəsində iştirak edərək türkə ərə getmək qərarına gəlib.
"Azərbaycan gözəli — 2016" musabiqəsinin qalibi Günel Ağayeva yaşamaq üçün Türkiyəyə köçüb və orada türk kanallarından birindəki "Hande Ataizi ilə" evlənmə proqramına qatılıb.
xəbər verir ki, o, sözügedən layihədə iştirakı barədə Sputnik Azərbaycan-a verdiyi müsahibədə danışıb.
— Günel xanım, özünüz haqqında danışın. Niyə Türkiyəyə getmək və orada yaşamaq qərarına gəldiniz?
— Mənim 28 yaşım var. Rusiyada böyümüşəm. Sonra ailə problemləri səbəbindən Bakıya köçmüşük. Burada mən teatr təhsili almışam, uzun müddət toy paltarları mağazalarında model və gözəllik salonlarında işləmişəm.
Dörd il əvvəl mənim bacım Türkiyəyə ərə gedib. Mən tez-tez onlara qonaq gedirdim. Sonra başa düşdüm ki, artıq Bakıda yaşamaq istəmirəm. Mən vətənimi sevirəm, amma Türkiyədə xoşbəxtəm. Mənim Bakıda uzun illər bir nəfərlə əlaqəm olub, amma sonra biz ayrılmışıq. Ayrılmağımızdan artıq 3 il keçib. Buna baxmayaraq, başa düşdüm ki, onunla eyni şəhərdə yaşaya bilməyəcəm.
Anam əvvəlcə mənim İstanbula köçüb tək yaşamaq qərarımın əleyhinə idi. Amma onda bir şeyi başa düşdüm: yeni həyatı qurmaq üçün hər şeyi unutmaq və risk eləmək lazımdır. Əvvəlcə anamdan uzaqda hər şey çox çətin idi. Anam üçümüzü tək böyüdüb. O həmişə mənə dəstək verib, ona görə bu dəfə də qərarıma hörmətlə yanaşdı və harada mənə xoşdursa, orada yaşamağımın düzgün olduğunu dedi.
— Türkiyədə nə ilə məşğulsuz?
— Mən teatr sahəsi üzrə təhsil almışam. Türkiyədə aktyorları tamamilə başqa cür öyrədirlər. Bakıda filmlərə baxırsan və görürsən ki, aktrisalar emosiyasız, hissiz oynayırlar, hətta göz yaşları belə həqiqi deyil. Çünki onlar səhnə danışığı, kamera qarşısında özünü necə aparmaq dərslərini keçməyiblər. Onlarda hər şey süni alınır, çünki onların çoxu peşəkar artis deyillər. Kimsə onları tapşırıb.
Təəssüf ki, bizdə istedad qiymətləndirilmir. Mənə hər dəfə Azərbaycan filmlərində çəkilməyi təklif edirlər, amma imtina edirəm. Bəlkə də yalnız böyük qonorar təklif etsələr, razılaşaram.
— Nikah proqramında iştirak etmək qərarına necə gəldiniz?
— Hər gün dərsdə oluram və sonra da evə gedirəm. Küçədə heç kimlə tanış olmuram, çünki insanlara etibar eləmirəm. Mənim keçmiş münasibətlərimin yaxşı qurtarmaması səbəbindən artıq heç kimə inanmıram. Fikirləşdikdən sonra bəxtimi bu verilişdə sınamaq qərarına gəldim.
— Sizinlə maraqlananlar arasında Məhəmmədi seçmisiniz. Niyə məhz onu seçdiniz?
— İlk dəfə bu layihəyə gələndə seçimimdə inamlı deyildim, lakin o mənə bir-birimizi yaxından tanımağı təklif etdi və çaya dəvət elədi. O çox ciddi, xeyirxah, diqqətli biridir. Layihə iştirakçılarının hər dəfə onun haqqında mənfi sözlər deməsinə baxmayaraq, hələ ki, aramızda heç bir problem yoxdur. Heç kimin sözünə fikir vermirəm. Gələcəkdə münasibətlərimizin necə olacağını bilmirəm.
— İştirakçılarla münasibətləriniz necədir?
— Layihənin komandası çox yaxşıdır, lakin iştirakçılar barədə bunu deyə bilmərəm. Paxıllar, qeybət həvəskarları, hər şeyə burnunu soxan adamlar hər yerdə var. Məni onlar maraqlandırmır. Mən İlan ilində anadan olmuşam, ona görə də "toxunma mənə, toxunmayım sənə".
— Bu tipli proqramların qurama xarakter daşıdığı iddia olunur. Bu belədir?
— Layihənin iştirakçısı kimi deyə bilərəm ki, indiyədək mənim qarşıma ssenari qoyulmayıb və məndən ona riayət olunması tələb olunmayıb. Heç vaxt proqramda yaıandan göz yaşı axıda bilmərəm. Bu mənlik deyil. Yalnız anam barədə nəsə desələr, ağlaya bilərəm. Kişiyə görə heç vaxt ağlamaram.
Bu proqramların qurama olması, iştirakçılara pul verilməsi barədə bir söz deyə bilmərəm. Hətta pul versələr belə, mənim ona ehtiyacım yoxdur. Çox şükür, hər şeyim var. Mənim iştirakımın səbəbi yeganə səbəbi odur ki, real həyatda hər kəs nəyisə gizlədir, verilişdə isə artıq bunu edə bilməzsən, çünki kimsə zəng edib səni biabır edə bilər.
— Siz niyə azərbaycanlıya yox, türkə ərə getmək istəyirsiz?
— Mənim üçün millətlərin heç bir fərqi yoxdur. Bizim ailədə buna normal yanaşırlar, heç kim heç kəsi heç nəyə məcbur etmir. Mənim keçmiş sevgilim azərbaycanlı idi. Hazırda Türkiyədə yaşayıram və burada kişilərin çoxu türklərdir. Ola bilsin burada azərbaycanlı ilə rastlaşacam və ona ərə gedəcəm. Hər şeyin Allahın əlindədir.
— Sizin necə kişilər xoşunuza gəlir?
— Əsas odur ki, kişi mənə hörmətlə yanaşsın, diqqətli olsun. Mənim üçün vacibdir ki, bu adamla görüşərkən məndə ona münasibətdə qığılcım doğsun. Əgər o, mənim xoşuma gəlsə, boyunun, bədən quruluşunun fərqi yoxdur.