Oğlandan azyaşlılara qarşı BİABIRÇI HƏRƏKƏT: çölə apardı, soyundurdu və... - Azərbaycanda

Kürdəmir rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Bəhrəm Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Bəhrəm Məmmədov üç il ərzində iki yetkinlik yaşına çatmayan oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Hər iki hadisə ayrı-ayrı vaxtlarda baş verib.
İlk cinayət
İttihama görə, Bəhrəm Məmmədov 2014-cü ilin iyun ayının sonlarında, günorta saatlarında yaşadığı Xınıslı kəndinin yaxınlığından keçən su kanalında çimərkən, həmin vaxt onunla birlikdə çimən həmkəndlisi 2002-ci il təvəllüdlü Sahib Sadıqova (İşdə adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
1 il sonra başqa iyrənc əməl
Bu hadisədən bir il sonra Bəhrəm Məmmədov başqa bir yetkinlik yaşına çatmayan oğlana təcavüz edib. O, 2015-ci ilin may ayının ortalarında, saat 11-də, orta təhsil aldığı Xınıslı kənd tam orta məktəbinin həyətyanı sahəsində yerləşən tualetdə olarkən 2000-ci il təvəllüdlü Samir Məmmədova qarşı seksual xarakterli zorakılıq əməlləri törədib.
Otlaq sahəsində zorakılıq
Bu hadisədən sonra Bəhrəm Məmmədov yenə də Samir Babayevə qarşı yenidən eyni əməllər törədib. İyun ayının ortalarında, günorta saatlarında Bəhrəm Məmmədov Xınıslı kəndinin kənarında yerləşən boş otlaq sahəsində Samir Babayevə güc nümayiş etdirib, onun müqavimətini sındıraraq, şalvarını soyundurub. O, həmin zaman Samirə qarşı növbəti dəfə iyrənc əməl törədib.
İki ildən sonra eyni əməllər
İstintaq sənədlərinə görə, bu hadisədən iki il sonra təcavüz etdiyi Sahib Sadıqovla rastlaşıb. 2017-ci ilin aprel ayının sonlarında Bəhrəm Məmmədov rastlaşdığı Sahib Sadıqovu aldadaraq kəndin kənarında yerləşən boş otlaq sahəsinə aparıb, orada onu zorlayıb.
Bundan başqa, Bəhrəm Məmmədov həmin ilin iyunun 8-də, saat 20-də yaşadığı Xınıslı kəndinin kənarında yerləşən sahibsiz bağ sahəsində olarkən, yenidən Sahib Sadıqova qarşı iyrənc hərəkət edib.
Video və foto çəkiliş etdi, həbs olundu
Bu zaman Bəhrəm Məmmədov telefonu vasitəsilə yetkinlik yaşına çatmayan oğlana qarşı etdiyi hərəkətlərin video və foto şəkillərini çəkib.
Bu hadisədən sonra Bəhrəm Məmmədovun barəsində hüquq-mühafizə orqanlarına şikayət olunub. Şikayət əsasında saxlanılan Bəhrəm Məmmədovun barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən Bəhrəm Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
“Zorakılıq hərəkətləri etməmişəm”
Təqsirləndirilən şəxs qismində ifadə verən Bəhrəm Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Sahib Sadıqovu həmkəndlisi kimi tanıyıb: “2014-cü ilin may ayının sonlarında yaşadığım Kürdəmir rayonunun Xınıslı kəndində deyil, valideynlərimlə birlikdə İmişli rayonunun Qaralar kəndinin yaxınlığında Xoşbəxt adlı şəxsin fermasında işləməyə getmişdik. Həmin ilin sentyabr ayının əvvəllərində dərslərimin başlaması ilə əlaqədar olaraq kəndimizə qayıtdım. Göstərdiyi tarixdə Sahibə qarşı heç bir seksual zorakılıq hərəkətləri etməmişəm”.
“Səsini yazmamışam, şəkilini çəkməmişəm”
Bəhrəm Məmmədovun sözlərinə görə, 2017-ci ilin sonlarında da yaşadığı kəndin kənarındakı pambıq sahəsinə gündəlik olaraq getməklə valideynlərinə köməklik edib: “Sahiblə kəndimizin kənarındakı boş otlaq sahəsində olmamışam, ona qarşı heç bir uşaqbazlıq hərəkətləri etməmişəm. İyunun 8-də, saat 20.00-da pambıq sahəsində olmuş Sadiqlə heç bir yerdə görüşməmişəm, ona qarşı qeyri-etik hərəkətləri etməmişəm. Mənim heç bir mobil telefonum olmayıb. Sadiqin səsini hər hansı bir telefon vasitəsilə yazmamışam və heç bir fotoşəkil çəkməmişəm”.
Məhkəmə zalında həbs
Bəhrəm Məmmədov ifadəsində digər zərərçəkmiş Samir Babayevə qarşı da zorakılıq hərəkətləri etmədiyini göstərib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhrəm Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində istintaq dövründə seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs olunub.
Hökmdən narazı qalan Bəhrəm Məmmədovun vəkili Ulduzə Əhmədova apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Bəhrəm Məmmədovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Vəkil şikayət etdi, hökm dəyişmədi
Vəkilin imzası ilə hazırlanan şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası bu yaxınlarda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarıb, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.