İDDİA: Sumqayıt Dövlət Universitetində ŞOK RƏZİLLİK - Pulu olmayan tələbələr alçaldılır...

Sumqayıt Dövlət Universitetində təhsil haqqını ödəyə bilməyən tələbələr ciddi problemlə üzləşiblər.

Azbaku.org bildirir ki, Reyting.az-a bu barədə universitetdə təhsil alan tələbələrdən biri məlumat verib.

Onun sözlərinə görə, universitetin rəhbərliyi ikinci, üçüncü və dördüncü kurslarda təhsil alan tələbələri təhsil haqqını qısa müddətdə ödəməyə məcbur edir. Bu tələbə əməl etməyənlər isə müxtəlif təzyiqlərlə üzləşirlər.

Məsələn, müxtəlif fakültə dekanları auditoriyalara girib təhsil haqqını hələ ki ödəmək imkanı olmayan tələbələri bir-bir ayağa qaldırıb danlayır, onları qrup yoldaşlarının yanında utandırır, pul ödəmək üçün konkret vaxt qoyurlar.

Bundan əlavə, bəzi fakültələrdə hətta təhsil haqqını ödəyə bilməyən tələbələrin dərslərə buraxılmaması da baş verib.

Qeyd edək ki, birinci kursdan sonra pullu təhsil alanlar məbləğin yarısını dərs ilinin birinci yarısının axırınadək, yəni semestr imtahanları başlayana qədər ödəmək hüquqna malikdirlər. Lakin Azərbaycanın bir çox ali təhsil ocaqlarında olduğu kimi, Sumqayıt Dövlət Universitetində də tələbələrə bu imkan verilmir. Nəticədə imkansızlıq ucbatından təhsil haqqını ödəyə bilməyən tələbələr müxtəlif təzyiqlərlə üzləşməli olurlar.

P.S. Qarşı tərəfin məsələ ilə bağlı mövqeyinə yer ayırmağa hazırıq.