Ukrayna Prezidentinin xanımı Azərbaycan milli mətbəxini yüksək qiymətləndirib

Ukraynanın paytaxtı Kiyevdə “Outlook World Culture Festival” adlı beşinci dünya xalqlarının mədəniyyət festivalı keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, 30-dan çox ölkənin iştirak etdiyi beynəlxalq festivalda xalqımızın mədəniyyəti, milli mətbəxi də təqdim olunub. Festivalda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diplomatik korpusu, diasporu, soydaşlarımız iştirak edib.
Tədbirin rəsmi açılışında iştirak edən Ukrayna Prezidentinin xanımı, Ukrayna Mədəniyyət Fondunun rəhbəri Marina Poroşenko festivalda iştirak edən ölkələrin stendləri ilə tanış olub. Marina Poroşenkonun baxdığı Azərbaycanın stendində milli mətbəx nümunələrindən plov, dolma, paxlava, şəkərbura, ölkəmizin simvoluna çevrilən nar, şərablar, “Şuşa”, “Azərbaycan” brendində olan konyaklar nümayiş olunub. Ukrayna Prezidentinin xanımı Azərbaycan stendini yüksək qiymətləndirib.
Daha sonra festivalda iştirak edən ölkələrin səfir və diplomatik nümayəndələrinin iştirakı ilə festivalın rəsmi açılış mərasimi olub.
Tədbirdə Kiyev sakinləri, qonaqları, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxi sayılan paxlava, şəkərbura, plov, dolma paylanılıb. Ukraynanın bəzi telekanalları Azərbaycan stendi haqqında reportaj yayımlayıblar./publika.az