Ötən ilin oktyabr ayında Moskva vilayətinin Desnovka kəndində qətlə yetirilmiş Saday Hüseynzadənin qardaşı, hüquqşünas Habil Ağayev istintaqın gedişindən və Azərbaycanın Rusiyadakı səfirliyindən narazıdır
.Rusiyaya qazanc dalınca gedən Saday Hüseynzadə 2017-ci il sentyabrın 5-də keçmiş polis polkovniki Aleksey Jdanov tərəfindən qətlə yetirilib. Qətlin üzərindən bir il keçməsinə baxmayaraq istintaq hələ də davam etdirilir.
Amansızcasına qətlə yetirilən Saday Hüseynzadənin qardaşı, hüquqşünas Habil Ağayev Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyi məsələyə qarşı etinasız yanaşır:
"Məni dəvət edirlər Moskva şəhərinə istintaqla bağlı. Artıq 4 müstəntiq dəyişilib bu işə görə. Mən məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Azərbaycanın Rusiyadakı səfirliyinə, iki dəfə də Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət etmişəm. Lakin cənab Zakir Qaralovdan başqa bu müraciətlərimin heç birinə baxılmadı. Yalnız Zakir Qaralov reaksiya verdi, istintaqa məktubla müraciət etdi, cinayətin açılmasında onun böyük rolu oldu.
Amma Səfirlik məsələyə etinasız yanaşır. Mənə məktubda yazırlar ki, müstəntiq filankəsdir, mən araşdırıram ki, heç müstəntiq səfirliyin dediyi adam deyil başqasıdır. Səfirlik qeyri-ciddi yanaşır vətəndaşının aqibətinə. Ona görə də azəbaycanlıların qətli, öldürülməsinin sayı artır. İstintaqa da məlumat vermir. İş bu səbəbdən də uzanır. İctimaiyyətimiz, xalqımız, səfirliyimiz bu məsələni, istintaqın gedişatını nəzarətə götürsün ki, qətlə yetirilən həmyerlisinin, qardaşımın qanı yerdə qalmasın. Eləcə də qardaşımla yanaşı, Rusiyada öldürülən yüzlərlə həmyerlilərimizin qanı.
Mənim qardaşıma vurulan güllə ilə digər bir nəfər də öldürülüb. Qardaşımın işi ilə həmin öldürülən adamın işi birlikdə aparılır. Öldürülən şəxs də vaxtilə Azərbaycanda yaşamış ermənidir. Maşınına yol vermədiyi üçün onu da güllələyib. Mən onun ailəsi ilə, qardaşı Andrey Akabatcanovla da görüşüb danışmışam. Mənim qardaşımı satıblar ki, yaxşı imkanı var. Amma qardaşım taksi sürücüsü idi. Aparıblar qardaşımı gecə saatlarında meşəyə – 5 bıçaq yarası var idi, 8 güllə. Amansızcasına qətlə yetiriblər. Qardaşımı 3 gün sonra tapa bildik.
Vətəndaşların köməkliyi ilə qardaşımı ölkəmizə gətirdik və dəfn etdik. Başda Azərbaycanın Rusiya Federasiyasında olan səlahiyyətli səfiri Polad Bülbüloğlu olmaqla səfirliyin ümumi fəaliyyətindən çox narazıyam, heç bir köməklik göstərmir, vətəndaşlarının qeydinə qalmırlar. Məni qəbul etmirlər, mənim məktublarıma doğru cavab vermirlər, orada baş verən qətllərdən xəbərsizdilər, hadisələr araşdırılmır, ona görə də belə hadisələrin sayı artır.
Xalqımızdan xahiş edirəm ki, bu məsələyə həssas yanaşsınlar, dəstək olsunlar. Yerli dövlət qurumlarından, səfirliyimizdən xahiş edirəm ki, haqqları tapdalanan, öldürülən həmyerlilərimizə xatir kömək olsunlar, istintaqın gedişatını nəzarətdə saxlasınlar”.