“Dövlət Yol Polisi artıq dünya standartlarına uyğun iş prinsipi ilə işləyir”. Bəzən bu strukturda çalışan hər hansı səlahiyyətlinin bu tip iddiası insanda acı gülüş doğurur. Görəsən əldə sarı rəngli planşet tutmaq və ya bahalı xarici avtomobildə şütümək düşüncəyə təsir edirmi? Görünən odur ki, etmir. Bəzi əməkdaşların düşüncəsi hələ də “Moskviçli”, “motoskletli” günlərdə olduğu kimidir. Hələ də bu cür insanlar anlamır ki, “əcnəbi seyrə balonlarla çıxır”. Bizdə isə...
Bizdə isə fərqlidir. Bakı şəhəri sakini BakuNews.az-a müraciətində qeyd edir ki, o, 99 ZZ 100-dən, 99 ZZ 800-ə, 99 ZZ 111-dən, 99 ZZ 888-ə qədər olan dövlət nömrə nişanlarından birinin ona verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova rəsmi məktub göndərib. Vətəndaşa Dövlət İmtahan Qeydiyyat idarəsinin rəis müavini Müşfiq Rəhimov onun qeyd etdiyi nömrələrin heç birinin mövcud olmaması ilə bağlı cavab məktubu ünvanlayıb.
Əvvəla qeyd edək ki, bu idarəyə müraciət etmək üçün xanım əməkdaşa 10 manat pul vermək qalmalısan. “10 manatın qəbzini verirsinizmi?” – sualı təhqir dəyərindədir. Bəs nədən 10 manat? Nədəni odur ki, dövlət müəssisəsində rəsmi ərizə yazmaq üçün ən sadə şərait belə yoxdur. Yəni əyləşmək üçün stul, yazmaq üçün stol qoyulmayıb. O halda əlac qalır küncə sıxılıb diz üstündə yazmağa. Əcabə, əfəndilər bura Dövlət Qeydiyyat İmtahan idarəsidir, yoxsa mollaxana? Deyəsən ikincidir. Çünki 10 manat Yasin, pardon ərizə pulu almaq üçün adamlar hər cür “şərait” yaradıblar. Onu da xatırladaq ki, həmin 10 manatın açıq-aşkar tələb edilməsi ilə bağlı videogörüntü də var. Lakin təəssüf ki, həmin görüntüyə İdarə bu günə kimim cavab verməyib. Qayıdaq şəraitə. Nədir bu şərait? Əslində bu şərait deyil, məhz şəraitsizlikdir. Stolun – stulun olmaması bir yana, hətta divarda ərizə nümunəsi belə yoxdur. Lakin adamlar sehr-cadu işini də əla bilirlər. Belə ki, tapılmayan və ya mövcud olmayan nömrələrə dəyərindən 10, 20 dəfə artıq pul veriləndə həşəmətli cin – müvəttiş həmən nömrəni hazır edir. Həmin məbləğ müqabilində nömrə elə tez “mövcud” olur ki, heç müfəttişin “ya Məlixa” deməsinə də ehtiyac qalmır. Zatən bu prosesdə Məlixalıqda bir şey yoxdur. Çünki həmin nömrələr Müşfiq Rəhimovun nəzarətindədir, Məlixanın yox. Lakin Məlixanın nəzarətində “Xəzər”-də var, “Palace”- də. Hələ ikisi birində də. Əcəba Adəm övladı düşünür ki, Məlixa bunlara necə sahib olub. Axı...
Mövzuya qayıdacağıq.